Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registri çərçivəsində məlumat bazarının təkmilləşdirilməsi, xəstəliyin profilaktikası, reabilitasiyası, müalicəsi, xəstələrin dərman preparatları ilə təmini və başqa tədbirlər həyata keçirilir.
Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, bu gün şəkərli diabet xəstələrinin sayında artım var:
"Ötən ilin dekabr ayı üçün ölkə üzrə 243 min 126 xəstə qeydiyyatda olub. 2018-ci ilin son doqquz ayında isə 263 minə yaxın xəstə qeydiyyata alınıb. 2018-ci ilin səkkiz ayı üzrə 263 057 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onun 1654 nəfəri uşaqdır. Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir.
Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün uşaqların sayı 600 dən çoxdur. Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 12-15 faiz artır. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Bu gün bu xəstəliyin xüsusi diqqətdə saxlanılmasına önəm verilir”.
O bildirib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb:
"Uşaqlarda bu xəstəlik özünü kəskin şəkildə büruzə verir. Çox zaman valideynlərin uşaqlarının xəstə olmasından belə xəbəri olmur. Uşaq yavaş-yavaş arıqlayır, suya tələbatı normadan artıq olur və daimi halsızlıq yaranır. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda isə koma önü, yaxud koma vəziyyətində xəstəxanaya çatdırılır.
Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası fərqlidir. İrsi amil, qeyri-sağlam həyat tərzi, yanlış qidalanma diabetin yaranmasına şərait yarada bilir. Böyük insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur”.