“Bu gün dövlət proqramlarının hər biri üçün ayrılan vəsaitdə böyük artım olması sevindirici haldır”.
Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, qan xəstəliklərinin müalicəsinə ayrılan vəsaitdə də artım var: “Amma əməliyyatlarla bağlı dövlət proqramı çərçivəsində müəyyən artımlar lazımdır. Səhiyyə nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də xüsusilə sümüyün transplantasiyası üçün müxtəlif genişlənmə işləri həyata keçirir. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin artırılmasına böyük ehtiyac var. Bütövlükdə ilkin səhiyyə xidməti üçün ayrılan pay artırılsa, yaxşı olar. İlkin səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün artırılan maliyyə gələcəkdə stasionar müalicə qurumların büdcəsinin azalmasına imkan verəcək”.
O, təklif edib ki, koronavirusla mübarizəyə ayrılan vəsait daha da artırılsın: “Səhiyyə üçün ayrılan büdcənin 20%-i COVID-19-la mübarizənin payına düşür. Beynəlxalq təşkilatların verdiyi təqdimatlar və digər dünya ölkələri ilə müqayisədə bu rəqəmin daha da artırılması arzuolunan idi”.