Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda şagirdlərin çoxu nevrozdur, depressiyadadır - Nevroloq

  • 2022.05.21 16:51
  • 2969 Baxış
Azərbaycanda şagirdlərin çoxu nevrozdur, depressiyadadır   - Nevroloq



Son zamanlar şagirdlərin dərs yükünün çox olması, ev tapşırıqlarının ağırlığı onlarda bir sıra psixoloji və nevroloji problemlərin yaranmasına səbəb olub.



Medicina.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov məsələnin ciddi xarakter daşıdığını vurğulayıb.


“Günümüzdə tətbiq edilən təhsil sistemində repetitorlarla işləmək məsələsi düzgün qurulmayıb. Şagirdlərin beyni həddindən çox yüklənir, istirahət mexanizmləri düzgün tənzimlənmir.

Onlarda xroniki yorğunluq sindromu adlanan hal yaranır. Bu gün yuxarı sinif şagirdlərinin əksəriyyəti həmin problemlərdən əziyyət çəkir. Bəzən, abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamamasına səbəb məhz həmin sağlamlıq məsələləridir”.

Nevroloq bu kimi problemlərdə təhsilverənlərin də günah payını qeyd edir:

“Hətta bir çox mənasız testlər vasitəsi ilə şagirdlər yüklənilir. Bəzi repetitorlar hansısa fənnin mahiyyətini izah etmək əvəzinə, şagirdlərin vaxtlarını testlər vasitəsi ilə alırlar. Onlara şeir əzbərlədən kimi test əzbərlədirlər. Başa düşmədən hansısa problemi əzbərlətmək beyinin həddindən çox işləməsinə səbəb olur”.


“Düşünürəm ki, bu gün təhsil sistemində kifayət qədər ciddi problemlər var. Onun keçirilmə qaydası şagirdlərlə bağlı çox əsaslı məsələlər yaradır. Bu, həm məktəblilər üçün, həm də biliklərin mənimsənilməsi cəhətdən zərərlidir. Sağlamlıq baxımından da olduqca ziyanverici xarakter daşıyır”.

Nevroloq vurğulayır ki, abituriyentlərin əksəriyyəti nevrozdan əziyyət çəkir:

“Günümüzdə abituriyentlərin əksəriyyəti potensial nevrozdur. Ya qorxu hissi keçirir, ya da ki, depresiyaya meyil göstərirlər. Bu, da beyinin istirahət mexanizminin düzgün təşkil olunmamasına gətirib çıxarır.

Bu kimi problemlərlə yalnız abituriyentlər deyil, ibtidai siniflər də qarşılaşır. Birinci sinif şagirdlərinə çətin mövzular vermək və onlardan bunun qavranılmasını gözləmək heç də uyğun deyil. Həmin uşaqlara nağıl və asan anlaşılan dərslər keçirilməlidir. Elə fənlər tədris olunmalıdır ki, onlar uşağın yadında qalsın, maraqlı olsun. Kitab və dərsliklərə baxdıqda müşahidə olunur ki, onlar senzuradan keçməyib. Təhsil sahəsində çox ciddi problemlər var. İstər dərslik, istərsə də onların tətbiqi ilə bağlı çox ciddi mənfiliklər yaşanır.

Beyinin həddindən çox yüklənməsi savada deyil, savadsızlığa aparır. Ona görə də yeni yetişən nəsildə savadlı olmayan şəxslərin sayı çoxdur, çünki tədris sistemi düzgün deyil”.