Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət necədir? - Rəsmi məlumat

  • 2019.01.18 20:15
  • 7693 Baxış
Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət necədir? -  Rəsmi məlumat
 

Azərbaycanda "Quş qripi” xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb. 


Bu barədə Medicina.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirilib. 


Məlumata görə, monitorinq Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Keçirilən tədbir köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib .


"Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 32 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 8 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 8 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Masallı, Kürdəmir, Samux, Sabirabad, Yevlax, Saatlı, Biləsuvar, Lənkəran, Ağcabədi rayonlarındakı və Mingəçevir şəhərətrafı ərazilərdə yerləşən şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 556 baş ev quşundan qan nümunələri götürüblər”,-deyə məlumatda vurğulanır.


Məlumata görə, köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.


Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.


"DBX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın. Hazırda "quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir", - deyə qurum bəyan edib.