"Uşaqlarda boy qısalığı problemi uzun illərdir dünyada olan problemdir. Hər kəs bilməlidir ki, boyun ölçüləri genetik mənşəlidir. Yəni qısa boylu valideynlərin uşağının uca boylu olacağını gözləmək doğru deyil”.
Medicina.az xəbər verir ki, bunu apa-ya açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
O qeyd edib ki, Yer kürəsinin cənub hissəsində yaşayan uşaqlarda yetkinlik erkən yaşlarda sürətlə baş verir, buna görə də uca boyluların sayı şimal bölgələrində daha çoxdur:
"Şimalda yaşayan uşaqlarda yetkinlik gec başa çatır. Cinsi yetkinlikdən sonra bu proses ləngiyir. Digər tərəfdən ana bətnində və doğuşdan sonra doğru qulluq edilmədikdə, düzgün bəslənmədikdə uşaqlarda ümumi inkişafdan geri qalma ilə bərabər, boyun inkişafdan qalması da müşahidə olunur. Üçüncü problem uşaqlarda endokrin sistemi xəstəlikləri ilə bağlıdır. Qalxanvari vəzinin endokrin pozulmaları zamanı da boyun inkişafında problemlər olur. Əgər ana uşağı dünyaya gətirib, ona süd vermirsə, uşağın boyunda problem olursa, onda günah valideyndədir”.
N. Quliyev bildirib ki, qızılca xəstəliyi ilə bağlı Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır: "Çünki ölkələrin çoxunda qızılcanın epidemiyası müşahidə olunur. Azərbaycanda isə bu hal müşahidə olunmur. Bunun da əsas səbəbi Səhiyyə Nazirliyinin dəstəyi ilə uşaqların böyük qisminin peyvəndə cəlb edilməsidir. Ona görə də bu xəstəlikdən indi uzağıq”.