Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər - FOTOLAR

  • 2019.10.14 09:24
  • 6968 Baxış
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Mətbuatda tez-tez HİV virusuna yoluxanların sayının artdığını eşidirik. Təbii ki, bu informasiyalar cəmiyyətdə bir xof yaradır, nəticədə HİV və QİÇS-dən əziyyət çəkənlərə qarşı diskriminasiya artır, bəzən cəmiyyətdən təcrid edilir, damğalanır, ayrı-seçkiliyə məruz qoyulur.


Bəs HİV virusu nədir? Hazırda ölkəmizdə bu xəstəliklə bağlı vəziyyət necədir? Kimlər hansı yolla bu virusa yoluxa bilər? Müayinə və müalicə hansı üsulla aparılır? HİV-ə yoluxmuş şəxslə necə davranmalı və yaxud qorunmalıyıq? Bu virus nə dərəcədə öldürücüdür?


Vəziyyəti yaxından araşdırmaq üçün Yeni Müsavat-ın əməkdaşı olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində olduq. Bizi qarşılayan mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov oldu. Mütəxəssis qeyd etdi ki, mərkəzə müraciət edən şəxslər ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyata alınır:

 

"Burada istənilən şəxs anonim şəkildə qeydiyyatdan keçib, pulsuz olaraq qanvermədə iştirak edə bilər. Şəxslər anonim şəkildə qeydiyyatdan keçmək istədikdə isə ad-soyad vermədən müvafiq kod alır. Daha sonra həmin kodla digər proseslərdən keçir. Lakin əməkdaşlarımız görəndə ki, müraciət edən şəxsin 18 yaşı tamam olmayıb, bu zaman ondan valideyni ilə birgə gəlməsini tələb edirik. Çünki statusu ilə bağlı məlumat alarkən gözlənilməz davranışlar nümayiş etdirə bilər. Bunun üçün mütləq valideyni ilə birgə gəlməsi lazımdır”.


Qeydiyyat şöbəsindən hər gün neçə şəxsin müraciət etdiyini soruşduqda isə bizə bildirildi ki, gün ərzində təxminən 100 nəfər yaxın şəxs müraciət edərək, qan testindən keçir.


Prosesi yaxından izləmək üçün qan testi üçün şəxsiyyət vəsiqəmi verib, qeydiyyata alınıram. Mərkəzin əməkdaşları məndən qan nümunəsi götürüb bildirdilər ki, təxminən 10 dəqiqəyə cavab veriləcək. Bu müddət ərzində mərkəzin şöbələrini gəzdik. Mərkəzin mütəxəssisi qeyd etdi ki, özündə virusun olmasından şübhələnən şəxslər Anonim Müayinə və Məsləhət Kabinetinə yönləndirilir. Burada şəxsləri çox pozitiv, mehriban xarakterli Elmira xanım qarşılayır. C.Nəcəfov bildirdi ki, anonim kabinetinin həkimi elə bu cür pozitiv olmalıdır ki, onun xoş, sakit əhval-ruhiyyəsi qarşısındakı insana keçsin.


Elmira xanım bildirdi ki, müraciət edən şəxslərdən ad-soyad, harada yaşadığı və yaxud işlədiyi soruşulmur:

 

"Bizə şəxsin cinsi, yerli və yaxud əcnəbi vətəndaş olub-olmaması, yaşı və statusu lazımdır. Ümumiyyətlə, kimsə özündən şübhələnirsə ki, bu virus onda ola bilər və yaxud başqa yerdə müayinədən keçəndə onda aşkarlanıb və buna tam əmin olmaq üçün bura gəlib, biz onunla söhbət edir və müayinədən keçməyə sövq edirik. Xidmətimiz isə ondan ibarətdir ki, şəxsdə virus varsa, onu dərhal aşkarlayıb, müalicəyə cəlb edək. Şəxsdə virus aşkarlanan andan artıq müalicəyə yönləndiririk və bununla da başqa şəxslərin virusa yoluxma riski bir o qədər azalır. Hətta biz şəxslərə cürət edib müraciət etdiyi üçün təşəkkür edirik.

 

Şəxslərə anlatmağa çalışırıq ki, virus aşkarlansa belə, bu dünyanın axırı, sonu, ölüm demək deyil. Bəziləri elə bilir ki, mərkəzə ölməyə gəlib. Vaxtında müalicə alınarsa şəxs öz həyatını əvvəlki kimi davam etdirə, hətta evlənə, sağlam uşaq sahibi ola bilər. Əsas odur ki, müayinədən keçsin və müalicəsini davamlı şəkildə aparsın.

 

Qeyd edim ki, 2006-cı ildən başlayaraq HİV-ə yoluxmuş şəxslər Səhiyyə Nazirliyi tərəfindən pulsuz olaraq bu mərkəzdə antiretrovirus preparatları ilə müalicə alır. Ondan əvvəl isə bu cür şərait olmadığından virusa yoluxmuş şəxslərdə immunitet sıfıra düşürdü və şəxs dünyasını dəyişirdi. Amma indi preparatların sayəsində qanda olan virusu tam məhv olunmasa da, dərəcəsi xeyli aşağı düşür. Hətta virus cinsi orqan yollarında, spermada aşkarlanmır”.


Elmira xanım virusa yoluxma risklərindən də söz açdı:

 

"Virusa yoluxma müxtəlif yollarla ola bilir. Qeyd etdiyimiz kimi əsasən qanla keçir. Məsələn, tatuaj döymələri, qan köçürmə zamanı və çox nadir hallarda diş fırçası vasitəsi ilə keçə bilir. Amma əsasən qanla yoluxulur. Əgər iynənin ucu qədər qan varsa deməli şəxs yoluxa bilər. Həmçinin cinsi yolla, narkotik maddələrdən inyeksion istifadə zamanı keçir. Beləliklə, şəxsdə virus aşkarlandıq onu Epidnəzarət Şöbəsinə yönləndiririk. Orada artıq şəxsə necə yoluxması ilə bağlı suallar verilir. Qeyd edim ki, cinsi partnyor nə qədər çox olarsa, virusa yoluxma riski bir o qədər artmış olur. Artıq məlumdur ki, kişilərin qadınları yoluxdurması, qadınların kişiləri yoluxdurma riskindən dəfələrlə çox olur. Çünki qeyd etdiyim kimi virus həm də sperma ilə keçir”.


Elmira xanım onu da vurğuladı ki, bilərəkdən başqasını yoluxdurma cinayət məsuliyyəti yaradır. Mərkəzin mütəxəssisi qeyd etdi ki, statusu ilə bağlı məlumat alan şəxslər bəzən bunu qəbul edə bilmir və bu zaman həmin şəxsə psixoloji yardım göstərilir.


Beləliklə HİV virusu aşkarlanan xəstələr daha sonra Ambulator Yardım şöbəsinə yönləndirilir. Şöbənin həkimi Günəş Cəfərova bildirdi ki, bu şöbədə xəstələrin terapiyası, monitorinqi, vaxtlı-vaxtında qan və rentgen analizləri yerinə yetirilir. Qeyd edildi ki, 2019-cu ilin 6 ayı ərzində (2018-ci ildə 656 nəfər olub) İİV-ə yeni yoluxma halları 354 nəfər təşkil edib ki, onlardan 343 nəfəri azərbaycanlı, qalanı əcnəbi vətəndaşdır. Yerli sakinlərdən 224-ü kişi, qalanı qadındır. 34 nəfər parenteral, 247 nəfər heteroseksual, 25 nəfər homoseksual kontakt nəticəsində, 1 nəfər isə anadan keçmə yolu ilə yoluxub. Qalan 36 nəfərin yoluxma yolu araşdırılır. Mərkəzdə qeydiyyatda olan 108 nəfər QİÇS mərhələsinə keçib, 33 nəfər İİV-li xəstə dünyasını dəyişib.


Ümumilikdə, 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər Mərkəzdə 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin isə 1076 nəfər olub. Mərkəzin ikinci mərtəbəsində qanların laboratoriyası aparılır. Laborotoriyada çalışan Səbinə həkim bildirdi ki, mərkəz artıq bir neçə ildir ki, ən müasir, beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla təchiz olunub:


"HİV-infeksiyasının ilkin diaqnostikası RQMM-də və regional laboratoriyalarda həyata keçirilir. HİV-infeksiyasının təsdiqedici diaqnostikası yalnız mərkəzimizdə referens laboratoriyada aparılır. HİV-ə yoluxması təsdiq olunan insanların bütün sonrakı laborator müayinələri (ikincili və yanaşı gedən xəstəliklərin diaqnostikası, immunoloji, virusoloji müayinələr və s.) mərkəzdə və onun 6 regional laboratoriyasında həyata keçirilir”.


"Səhv diaqnostika yaşanıbmı?” sualımıza həkim bu cür cavab verdi:

 

"Xeyr, çünki müayinələr bir neçə etapdan keçir. Amma hamilə qadınlarda və onkoloji xəstələrdə ilkin müayinədə pozitiv göstərici ola bilər. Bu zaman təsdiqlənmək üçün şəxs bizim mərkəzə göndərilir. Yenidən qan analizləri götürülür, aparatlara salınır və dəqiq cavab verilir”.


Fürsətdən istifadə edərək, mərkəzin dispanserində müalicə alan xəstələrlə də söhbət etdik. 48 yaşlı rus əsilli xəstə bildirdi ki, virusa 9 il bundan əvvəl həbsxanada yoluxub:

 

"Həmin vaxta qədər bu virus barəsində məlumatım olmayıb. Həbsxanada olarkən bir şəxsin şprisindən istifadə etmişdim və sonra məlum olmuşdu ki, mənə virus yoluxub. Elə həbsxanada müalicə almağa başladım. Daha sonra müalicəmi bu mərkəzdə davam etdirdim”.


Xəstə cəmiyyətdə ona qarşı olan davranışlardan da söz açdı:

 

"Həbsxanada olarkən hər kəs məndən çəkinir, mənə yaxınlaşmağa qorxurdu. Çünki bilmirdilər ki, bu virus yalnız qanla yoluxur. Lakin ailəmin mənə qarşı münasibəti yaxşıdır. Ailəmdə hər kəs HİV-ə yoluxduğumu bilir. Ümumiyyətlə, HİV-ə yoluxmuş xəstələrə qarşı bu cür neqativ davranışlar bilməməzlikdən, xəstəlik haqqında məlumatsız olmaqdan irəli gəlir”.


O, müalicədən razı qaldığını, özünü yaxşı hiss etdiyini dedi:

 

"Əsas odur ki, özünə, yeməyinə, yaşayışına diqqət edəsən. Mərkəzin həkimlərindən çox razıyam, hamısı bizim tam müalicə almağımız üçün çalışır”.


47 yaşlı xəstə isə 5 gündür ki, mərkəzə müalicə almağa gəldiyini dedi:

 

"Mən dağ rayonlarının birində anadan olmuşam. Bizim rayonda bu cür xəstəliyə yoluxan olmayıb, buna görə də çox adam məlumatsızdır. Ümumiyyətlə, rayonda seks xidməti göstərən və yaxud narkotik maddələrdən istifadə edən olmayıb. Virusa Bakıda yoluxmuşam. Bir dəfə evlənib, boşanmışam. Ondan sonra müxtəlif "yoldan keçən” qadınlarla cinsi münasibətdə olmuşam. Onların hansından bu virusa yoluxduğumu bilmirəm, xatırlamıram”.


Xəstə özündə baş verən əlamətləri bu cür izah etdi:

 

"Təxminən bir ildir ki, məndə zəiflik, əsmə halları yaranmışdı. Anam rayonda məni həkimlərə aparmışdı, lakin həkimlər bildirmişdi ki, ola bilsin keçirdiyim avtomobil qəzasından sonra bədənim zəifləyib, yəni bu virus heç kəsin ağlına gəlmirdi. Lakin vəziyyətim artıq pisləşməyə başlayanda Bakıda yaşayan bacım məndə olan əlamətləri internetdən araşdırmışdı və dərhal Bakıya gəlməyimi istəmişdi. Yenidən həkim müayinəsindən keçəndə artıq virusa yoluxduğum ortaya çıxdı”.


O, ailəsinin bu olaydan xəbərsiz olduğunu dedi:

 

"Təkcə həmin bacım bilir. Anam bilsə yəqin ki, infarkt keçirər, ona görə heç kəsə deməmişəm. Ümumiyyətlə, insanların çoxu xəstəlik barədə anlayışı olmadığından bizim kimi xəstələrdən çox qorxur. Hətta rayonumuzda bu xəstəlikdən söz düşəndə hamı deyir ki, bu virusa yoluxanlar tez bir zamanda ölür. Amma bilənlər də var. Məsələn, bir yaxın dostum var, ona zəng edib deyəndə ki, mən öləcəm, gələcəkdə anam və bacılarıma sən dəstək olarsan, mənə bildirdi ki, "bu xəstəlik heç də öldürücü deyil, müalicəni vaxtında alsan, hər şey qaydasında olar”. Artıq 5 gündür ki, burdayam və nəticəsini də görürəm. Bura gələndə bacım qoluma girib gətirirdi. Amma indi yaxşıyam”.

Sonda mərkəzin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli çoxlarını, eləcə də bizi maraqlandıran bir çox suallarımıza cavab verdi. 

 


- Afət xanım, tez-tez eşidirik ki, ölkədə bu virusa yoluxanların sayı artıb. Reallıqda vəziyyət necədir?


- Son beş ildə yoluxma sayı eyni qalıb. Məsələn, əvvəllər də 600-700 sayda olurdu, indi də bu cür olaraq qalır.  


- Xəstəlik əsasən hansı ölkədən gəlir?


- Əsasən Rusiya və Ukraynadan. Ümumiyyətlə, Ukrayna bu məsələdə qırımızı nöqtə olaraq qalır. Həmçinin qadın seks işçiləri Türkiyəyə gedib-gələndə, virus artmağa başlayır. Lakin qeyd edim ki, virus narkotik istifadəçiləri arasında azalıb. Çünki indi ailə həyatı qurarkən məcburi müayinədən keçirlər və virus aşkarlandıqda qarşı tərəf bunu bilir. Bu zaman digər şəxsə yoluxma riski azalır.


- Cəmiyyətdə HİV-li xəstələrin tez bir zamanda dünyasını dəyişəcəyi barədə xof, şayiələr var. Ümumiyyətlə, HİV-li xəstələr nə qədər yaşaya bilir?


- Əgər xəstə tüfeyli həyat yaşamır, narkotik vasitələrindən istifadə etmirsə, dərman preparatlarını vaxtında qəbul edirsə, normal həyatını sürür. Lakin bunlar olmadıqda virus immun sistemini dağıdır, artıq xəstə ya vərəm, xərçəngə yoluxub, dördüncü SPİD mərhələsinə keçir. Bu zaman xəstə bilmir bu virusla, yoxsa xərçəng, vərəmlə bağlı müalicəsi alsın. Gərək daima davamlı şəkildə müalicə alsınlar.


- Virusa yoluxmanın ilkin əlamətləri hansılardır?


- İlkin əlamətlər desək, hər kəs özündə axtarmağa başlayacaq. Amma əsas əlamətlər bunlardır - uzun müddətli qızdırma - baxmayaraq ki, dərman qəbul edir, amma qızdırma düşmür, uzunmüddətli ishal. Limfa vəzilərinin, o cümlədən qulaq dibi, qoltuq dibi və qasıq dibi vəzilərinin şişməsi. Bədənin 25 faiz çəkisini itirilməsi. Əgər insan qısa müddət ərzində çox arıqlayıbsa, mütləq həkimə müraciət etməlidir. Ümumiyyətlə isə hər bir insan mütləq ildə bir və ya iki dəfə müayinədən, qan testindən keçməlidir. Amma deyim ki, əhali arasında dəyişiklik var. Əvvəllər yalvarırdıq ki, gəlib müayinədən keçin. Amma indi şəxslərin özləri sərbəst surətdə gəlib, müayinədən keçirirlər.


- Dediniz ki, müalicə alan şəxs öz əvvəlki həyatına dönə bilir. Bəs evlənə və yaxud sağlam uşaq sahibi ola bilərmi?


- Əlbəttə. Hətta HİV virusuna yoluxmuş analar var ki, onlar sağlam əkiz, hətta üçəm dünyaya gətirib. Amma hələ də ana bətnindən uşağa virus yoluxma halları var. Məsələn, 2018-ci ildə 14 uşaq viruslu dünyaya gəlmişdi. Bu o zaman baş verir ki, ana hamiləlik dövründə müayinədən keçməyib, qadın məsləhətxanasına müraciət etməyib və evdə doğuş edib. Amma qeyd etdiyim ki, müalicəmiz sayəsində analar tam sağlam uşaq dünyaya gətirə bilir. Mərkəzimizdə müayinə və müalicə tamamilə pulsuz aparılır.


- Bəzən cəmiyyətdə virusa yoluxmuş uşaqların xüsusi yerlədə saxlanıldığı, hətta öldürüldüyü barədə şayiələr yayılır.


- Bəli, bu cür şayiələr hələ də var. Lakin viruslu doğulmuş uşağa virus əleyhinə sirop verib, müalicəyə cəlb edirik ki, qandakı virus aşağı ensin.


- Bəs donor qandan virusa yoluxma halları ilə rastlaşıbsınızmı?


- 1987-ci ildən bu günə qədər yalnız bir dəfə, 1999-cu ildə donor qanla virusa yoluxma halı olub, vəssalam.


- Amma bu bir faktdır ki, bəzən tibb işçiləri tərəfindən də virusa yoluxmuş şəxslərə qarşı neqativ, diskriminal davranışlar olur.


- Əlbəttə, bu həmin tibb işçilərinin savadsızlığından irəli gəlir. Bəzi tibb işçiləri hələ də bu virus haqqında məlumatsızdırlar. Halbuki bilirik ki, bu virus hava ilə deyil, cinsi yolla, qanla keçir. Amma bu diskriminal yanaşma təkcə tibb sahəsində deyil. Məsələn, tutaq ki, sizin redaksiyada bir nəfər işçi gəlib deyir ki, bəs belə hal olub, mən virusa yoluxmuşam. Təsəvvür edirsinizmi, ona qarşı necə reaksiyalar olar? Bir dəfə mərkəzdəki xəstələrimizin birinin vəziyyəti pisləşdi. Biz təcili yardım çağırdıq. Təsəvvür edin, təcili tibbi yardımın həkimi mərkəzə girən kimi əlcəyini geyindi, xalatını bərk-bərk bağladı və daxili telefonu əlcəklə götürdü. Yəni, insanlarda hələ də qorxu var. Deməli, həkimlər belə bu xəstəliyin elementar yoluxma yollarını bilmir.


Dəfələrlə olur ki, ana övladının bu virusa yoluxduğunu biləndə onu evdən uzaqlaşdırır. Belə olandaxəstəyə bir stəkanda su veririk, sonra özümüz içirik, bəli doğru deyil, amma biz ananı, valideyni inandırmaq üçün ki, bu virus hava ilə yolxumur, bu üsula əl atmalı oluruq. Və yaxud bizə zəng edirlər ki, gəlin xəstənizi aparın. Sanki xəstələr bura ölməyə gətirilir. Qeyd etdiyim kimi, hələ cəmiyyətdə, o cümlədən bəzi tibb işçiləri arasında diskriminasiya var.


- Şəxsən şahidi olmuşam ki, bir həkim xəstənin bu statusunu açıqlamışdı və həmin xəstəyə qarşı böyük diskriminal davranışlar olmuşdu.


- Heç bir həkim xəstənin statusunu aça bilməz. Status açılanda həmin həkimə 3 ildən 5 ilədək cinayət işi düşür. Ona görə də bütün xəstələrimizin anonimliyi qorunur. Yalnız hansısa cinayət hadisəsi ilə bağlı məhkəmə bizə müraciət edəndə, o zaman məhkəməyə məlumat veririk. Başqa halda məlumat verməyimiz qadağandır”.

 



 

 

 


 


 


 


 


 


 


 


 

Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR
Azərbaycanda QİÇS problemi - Görüləcək tədbirlər -  FOTOLAR