Ani ölümlərin sayı günbəgün artmaqdadır. Tam sağlam, heç bir xəstəlikdən əziyyət çəkməyən insanlar qəfildən dünyasını dəyişirlər. Təəssüf, ki, belə hallara daha çox cavanlarda rast gəlinir. Statistikaya görə, bu hal ən çox kişilərdə özünü göstərir. Əsasən də dincəlməyi bacarmayan, həddindən artıq işləyən və spirtli içkilərdən tez-tez istifadə edənlər ani ölümə daha meyilli olurlar.
Qəfil ölümlərə səbəb olan başlıca səbəb təbii ki, ürək-damar sistemindəki problemlərdir.
Medicina.az xəbər verir ki, kardioloq Rasif Bağırov modern.az-a açıqlamasında belə deyib. O bildirib ki, bu halların baş verməsinin əsas səbəblərindən biri ürəyin koronar sistemində baş verən pozuntudur:
"Ürəyin tac damarlarında qan dövranının pozulması və nəticədə tutulması ilə bağlı yaranan problemlərdir. Azərbaycanda bu gün iqtisadi vəziyyətimizin bir qədər zəif olması, insanların çətin həyat şəraitində yaşaması onların sinir sistemində gərgin əhval-ruhiyyə yaradır. Gərgin əhval-ruhiyyə yaratması o deməkdir ki, insanların bədəni adrenalin deyilən maddənin təsiri altında fəaliyyət göstərməyə başlayır”.
Rasif Bağırovun sözlərinə görə, bütün bunlar ürək-damar sistemində güclü gərginliyin yaranmasına səbəb olur. Nəticədə ürək-damar sistemində damarların divarında "özünü xilas etmə” xüsusiyyətinə malik olan maddələrin miqdarının azalması və yaxud da onların ifrazının çətinləşməsi baş verir:
"İkinci bir tərəfdən, qəbul etdiyimiz qidaların bu gün keyfiyyətsiz olması və ya süni yağlardan hazırlanmış yeməklərdən çox istifadəsi hətta bədəndə dərmanlarla belə tənzimləməyə çətinlik törədən xolesterinimiya yaradır. Bir tərəfdən stress halının olması, digər tərəfdən yağlı qidalardan çox istifadə faktiki koronar qan dövranının pozulmasına gətirib çıxarır. Bundan əlavə, fiziki yüklənmə, istirahət və iş rejiminin düzgün tənzimlənməməsi sonda insanın ani, qəfil ölümünə səbəb olur”.
Kardioloq bildirdi ki, həkimlər insanlara nə qədər məsləhət versələr də, bəzən onlar buna əhəmiyyət vermir, tövsiyələri yerinə yetirmək iqtidarında olmurlar:
"Məsələn, xəstəlik əlamətləri gördüyümüz insanlara deyəndə ki, müəyyən bir işi görmə, sənə olmaz və ya bu işdən çıxmalısan, dolanışıqları çətin olduğu üçün onlar bunu yerinə yetirə bilmirlər. Onlar məcburi şəkildə bu prosesin axınına düşürlər”.