Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

  • 2021.10.20 14:13
  • 11901 Baxış
"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" -  İnsanlar necə aldadılır? - MÜSAHİBƏ
Azərbaycanda “Psixoloq” adlandırılan dələduzlar, acıq-açığına,heç nədən çəkinməyərək özlərini insanlara “doktor”, “həkim” kimi təqdim edir, yalnız təbabətdə istifadə oluna biləcək “pasiyent, “terapiya, “müalicə, “xəstə” terminlərindən istifadə edirlər.

Azərbaycanda olan psixoloqların sayı onların gördükləri işlərin faydasından qat-qat çoxdur. Çox maraqlı faktdır ki, Avropada professional psixoloqların sayı postsovet məkanındakı psixoloq sayından dəfələrlə azdır. Psixoloqlar kimlərdir və onların sayı nəyə görə yağışdan sonra artan göbələk kimi artmağa başladı?!

Medicina.az-ın suallarını həkim psixiatr Abdulla Şıxlinski cavablandırıb.

Həkim Azərbaycanda psixoloji mərkəzlərin qanunsuz reklam və piar nəticəsində psixologiyadan anlayışı olmayan, müəyyən psixi, ruhi problemi olan insanları cəlb edərək, guya problemlərin həlli ilə məşğul olmasını saxtakarlıq və dələduzluq kimi qiymətləndirir. Çünki psixoloq xəstə pasiyenti yox, sağlam adamı qəbul edə bilər. Ümumiyyətlə, psixoloq seanslarının xəstəyə faydasından çox ziyanı var.


- Abdulla doktor, psixologiya, psixoloq nədir, niyə yaranıb, hansı fəaliyyətlərnə icazə verilir, kimlərlə işləyə bilərlər? Ümumiyyətlə, bu gün insanların psixoloqa ehtiyacı varmı?

- Psixologiya – ictimai-humanitar fənn olaraq fəlsəfənin bir bölməsidir, normal, sağlam insan psixikasının inkişaf qanunauyğunluqlarını fəlsəfi baxımdan öyrənməklə məşğuldur. Psixologiya sərbəst elm sahəsi deyildir, təbabət elminə heç bir aidiyyatı yoxdur.

Psixologiya tətbiq sahəsinə görə iki bölməyə ayrılır:

1.Akademik psixologiya-hələ SSRİ dövründən butun ali məktəblərdə və texnikumlarda(indiki kolleclər) elmi kommunizm, dialektik materializm fənləri ilə bir sırada ictimai –humanitar bir fənn kimi tədris olunurdu. Azərbaycanda 1996-cı ilə qədər heç bir ali məktəbdə psixologiya fakültəsi olmayıb.

Bütün SSRİ məkanı üzrə Moskva, Leninqrad, sonradan Saratov şəhərlərində sırf “Psixoloq, psixologiya müəllimi” ixtisasları üzrə mütəxəssis buraxan universitetlər var idi. Bu Universitetlərin buraxdığı psixoloqlar yalnız öz sahələrinə aid işlərlə məşğul olurdular.


2. Praktik psixologiya - müxtəlif müəssisələrdə, idarə və təşkilatlarda, orta ümumtəhsil məktəblərində, uşaq bağçalarında, hüquq-mühafizə orqanlarında, cəzaçəkmə müəssisələrində psixi sağlam insanlarla psixi korreksiya və readaptasiya işlərini həyata keçirməklə, şəxsiyyətdaxili və şəxsiyyətlərarası konfliktləri həll etmək üçün lazım olan metodların hazırlanması və tətbiqi ilə məşğul olur.

Maraqlısı budur ki, indi Azərbaycanda “Psixoloq” adlandırılan dələduzlar, acıq-açığına,heç nədən çəkinməyərək özlərini insanlara “doktor”, “həkim” kimi təqdim edir, yalnız təbabətdə istifadə oluna biləcək “pasiyent”, “terapiya”, “müalicə”, “xəstə” terminlərindən istifadə edirlər.

Təcrübi psixologiya şarlatan psixoloqların əlində kriminal biznesə çevrilmişdir. Azərbaycanda “Psixoloji” xidmət faktiki olaraq kriminal biznesdir.

Psixoloqların böyük əksəriyyəti əhalinin xeyli hissəsinin savadsızlığından istifadə edərək açıq, heç bir tibbi təhsilləri olmadan onların müalicəsi ilə məşğul olurlar. Əhalinin savadsız hissəsi üçün psixiatriya, psixologiya, psixoterapiya, psixotronika və.s qarşısında “psix” hissəciyi olan sözlər eyni şeylərdir,

Azərbaycanda hətta bəzi qeyri-psixiatr həkimlər belə bu məfhumların fərqlərini bilmirlər, psixi dəyişiklik müşahidə etdikləri xəstələri həkim-psixiatr əvəzinə psixoloqa göndərirlər. Psixoloqlar insanlara diaqnoz qoyur, dərman müalicəsi təyin edir, onlara tibbi məsləhətlər verir, peşəkar həkimlərin təyinatlarını ləğv edirlər, ağıl zəifliyindən əziyyət çəkən uşaqlarla mənasını heç özlərinin də bilmədikləri məşğələlər keçirlər, sosial təhlükəli ruhi xəstələri, narkomanları aylarla psixoloji məşğələlərə gəlməyə vadar edirlər, antipsixiatrik təbliğat apararaq , insanları həkim-psixiatrlara müraciətdən çəkindirirlər, nəticədə xəstələrin vəziyyəti ağırlaşır, insanlar ağır vəziyyətdə müxtəlif sosial – təhlükəli əməllər edir, özləri və ətrafdakılar üçün keçilməz problemlər yaradırlar-bütün sadalanan əməllər Azərbaycan Respublikasının Qanunveriliciyinə və Beynəlxalq qanunlara görə “Qeyri-Qanuni həkimlik fəaliyyəti” adlanır.






- Doktor, bəs klinik psixoloq kimdir? Bir çoxları deyir ki, əgər klinik psixoloqdursa, o daha peşəkardır, xəstələri qəbul edə bilər.

- “Tibbi” və ya “Kliniki” sözü adamlarda belə təsəvvür yaradır ki, bunlar həkimdirlər, xeyr, Tibbi(Kliniki) psixoloq da həkim deyil, bu adamlar pedaqoji təhsilə malikdirlər, sadəcə tibbi psixoloqun kim olduğunu başa düşmək lazımdır

Tibbi(Kliniki) psixoloq müalicə müəssisələrində çalışan tibb işçilərinin (yəni sağlam insanların) şəxsiyyətlərarası və şəxsiyyətdaxili problemlərini həll edən, müalicə müəssisələrində sağlam iş şəraitinin təminatı ilə məşğul olan mütəxəssislərdir, onlar fəlsəfənin, sosialogiyanın prinsiplərindən istifadə edərək, həkimlərə təşkilati məsələlərdə kömək etməlidirlər, tibbi(kliniki) psixoloq həkim deyildir, bu mütəxəssisləri qeyri-tibbi ali məktəblər “Psixologiya” ixtisası üzrə buraxır. Onlara “Tibbi (kliniki) psixoloq” deyilməsinin səbəbi odur ki, onlar tibb müəssisələrində fəaliyyət göstərərək həmin müəssisələrin işinin sosial təminatçılarıdır.

- Təkcə Bakıda onlarla psixoloji mərkəz var, buranın müştəriləri xüsusən uşaqlar və gənclərdir. Autizm spektrli uşaqların valideynləri, övladı gec danışan, hiperaktiv valideynlər ümid yeri kimi bu mərkəzlərə gedir. Bu qurumların fəaliyyətinə nəzarət varmı?

- Psixoloqların fəaliyyətinə heç kim tərəfindən nəzarət olunmur, Bakının və Azərbaycanın başqa şəhərlərinin ofislərində, zirzəmilərində, müxtəlif “Psixoloq kabinetləri” adlandırılan otaqlarda psixoloqların əslində nə işlə məşğul olduqlarından heç kəsin xəbəri yoxdur, bu adamlar toxunulmaz bir zonada fəaliyyət göstərirlər.

”Psixoloqlar” tərəfindən Azərbaycanda “Erkən uşaq autizmi” adlandırılmış biznes-proyekt yaradılmışdır.

Erkən uşaq autizminə yalnız 3 yaşa qədər diaqnoz qoymaq mümkündür, lakin “psixoloqlar” 10 yaşında uşağa “erkən uşaq autizmi” diaqnozu qoyaraq, onlara illərlə məşğələ keçirlər, belə uşaqlar həkimlərə göndərilmir, halbuki psixoloqların nə diaqnoz qoymağa, nə də müalicə təyin etməyə ixtiyarları yoxdur.

Bütün Beynəlxalq normativlərə görə, psixoloqlar yalnız sağlam adamların problemləri ilə işləyə bilərlər. Psixoloq insanla işə başlamamışdan əvvəl müştəri ona özünün psixi sağlam olması barədə ya arayış, ya da videogörüntü təqdim etməlidir, psixoloq xidmətindən faydalanmaq istəyən şəxsə həmin arayışı və ya video-görüntünü HƏKİM-PSİXİATR VERİR, bununla da insanın onun müayinəsi anında psixi sağlam olmasını təstiq edir, yalnız bundan sonra psixoloq artıq “Praktik sağlam” elan olunmuş klientlə işləyə bilər.

Azərbaycanda psixoloqlar yuxarıda göstərilənlərin ziddinə olaraq xəstə adamları, xüsusən də uşaqları müalicəyə götürürlər.

Psixoloqların tətbiq etdiyi metodların, iş prinsipinin heç bir elmi izahı yoxdur.


Azərbaycanda peşəkar loqopediya və loqopedlər yoxdur,
bəzi psixoloqlar özlərini saxta olaraq “Loqoped” kimi təqdim edirlər.

Faktiki olaraq hər psixoloq özünün kəşf etdiyi metodlarla işləyir. Psixoloqların qanunsuz fəaliyyətini işıqlandıranlar onları aramsız olaraq televiziya ekranlarında təbliğ edən, onlara “doktor” deyə müraciət edən, bu adamların fəaliyyətlərinə yalançı şahidlər tapıb gətirən və bunu televiziyada nümayiş etdirən televiziya aparıcıları və televiziyaların reklam şöbələridir ki, müəyyən məbləğdə pul əvəzində onları kütləyə tanıdırlar.

Televiziyalar psixologiya mərkəzlərindən böyük pullar alaraq bütün günü bu fırıldaqçıları təbliğ edirlər, psixoloq televiziya studiyasında , reklam verilişində həkim-psixiatrın təyinatını cırıb yerə atır və aparıcı onun düz hərəkət etdiyini söyləyir.

Reklam haqqında qanun mövcuddur, lakin bu qanuna heç kəs əməl etmir, psixoloq həkim qiyafəsində, həkim adı ilə reklam oluna bilməz, hər hansı bir saytda psixoloqu həkimlərin cərgəsində “Həkimlər” başlığı altında reklam etmək qadağandır, psixoloq tibbi problem haqqında rəy verə bilməz,insanın xəstə və ya sağlam olması , məhkəmə ekspertizası işləri barədə danışa bilməz, onun bu işlərə səlahiyyəti yoxdur, psixoloq sağlam olduğu həkim-psixiatr tərəfindən təsdiq olunmuş insanlar haqda rəy verə bilər, bütün psixoloji seanslar və manipulyasiyalar yalnız həkim-psixiatrın razılığından sonra aparıla bilər, bu manipulyasiyalar çox hallarda insanlara ziyan törədir, onların vəziyyətini daha da ağırlaşdırır.

İndiki fırıldaq psixoloji xidmət yalnız reklama bağlıdır, reklam yoxdursa, psixoloji xidmət də olmayacaq, psixoloq-dələduzların gücü onların bacarığında deyil, pulla alınmış saxta reklamlardadır.

- Psixoloqa getməklə, psixi durumu daha da pisləşən, müalicədə gecikən, heç bir şey əldə etməyən pasiyentlərin aqibəti necə olacaq? Ola bilərmi, bir insana psixoloq seansları əksinə ziyanlı olsun?

- Psixoloq həkimlərdən fərqli olaraq xəstənin vəziyyətinin ağırlaşması üçün heç kim qarşısında cavabdeh deyil, onun məsuliyyəti heç bir normativ akt tərəfindən müəyyən edilməmişdir, psixoloqların manipulyasiyası zamanı psixoloji təzyiqdən insan ölərsə, və ya vəziyyəti pisləşərsə, bunun səbəbinin psixoloji manipulyasiyada axtarılması heç bir qanunla tənzimlənmir.

Avstriya psixoloqlar assosiasiyası yuxarıda göstərilən səbəblərə görə psixoloqların işinə nəzarət məsələsini tam olaraq müştərinin həkim-psixiatrına həvalə edir, bu, çox təbiidir, SSRİ dövründə də həkim-psixiatrlar daima psixoloqların işinə nəzarət etmişlər, psixoloqların rəyinə zidd olsa da qeyd etməliyəm ki, hər bir normal psixiatr psixoloqun işini onun özündən yaxşı bilir.

Məhz ona görə də, psixoloqlar iş görərkən qapını içəridən bağlayırlar, bu adamların işində şəffaflıq yoxdur, onlar tənqidi mövqeyi olan psixiatrları öz seminarlarına (seans əvəzinə indi “seminar” termini , və ya “sessiya” termini işlənir) dəvət etməyə qorxurlar, çünki bu adamların işi heç bir psixoloji texnologiyaların tələblərinə cavab vermir, söhbətləri də boşboğazlıqdan başqa bir şey deyildir.
Psixoloqların fəaliyyəti insanların həyatı üçün təhlükəlidir. Lakin Azərbaycanda bu işi yoluna qoymaq üçün heç bir tədbir görülmür.
Psixiatr-psixi(ruhi) xəstəliklərin səbəbləri, inkişaf mexanizmi, gediş variantları, diaqnostikası , müalicəsini , sağlam insanların xəstələnməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş psixoprofilaktika məsələlərini öyrənən və tətbiq edən tibb mütəxəssisidir.
Psixoterapevt-psixoterapiya üzrə xüsusi hazırlıq keçmiş həkim-psixiatrdır, yalnız psixi xəstələrdə deyil, həm də başqa sistemlərin xəstəliklərindən əziyyət çəkən insanlarda xüsusi psixoterapevtik texnologiyalar tətbiq etməklə ruhi(psixi) sferaya təsir edir, beyinin fəaliyyətini yaxşılaşdırmaqla bütün orqan və sistemlərin fəaliyyətini yaxşılaşdırır, xəstəliyin gedişini yüngülləşdirir və ya xəstəliyi aradan qaldırır.

Hər bir xəstəyə psixoterapiya tətbiq etmək olmaz, bütün müalicə metodları kimi psixoterapiyanın da çoxlu əks - göstərişləri vardır.

Dələduz psixoloqların fəaliyyətində bir məqam da maraq doğurur: tez-tez onlar özlərini psixoterapevt kimi qələmə verirlər, bunun da səbəbi yenə də insanların avamlığındadır, psixoterapevtik fəaliyyəti yalnız həkim-psixiatrlar həyata keçirə bilər, elə ona görə də “HƏKİM-PSİXOTERAPEVT” deyilməsi və yazılması qəbul edilmişdir.
Psixoloqlar hətta öz vizit kartlarında da “psixoterapevt “ yazdırırlar, lakin psixoloqların bu qeyri-normativ fəaliyyətləri həmişə gözdən qaçır, bunu nə üçün etdiklərini onlardan heç kim soruşmur.
Hesab edirəm ki,psixoloqların indiki şəkildə olan Psixoloq- yalnız sağlam adamlarla işləməlidir, bu işində Beynəlxalq Normativ aktların tələblərinə əməl etməlidir.

Bu problemin həllinin yeganə yolunu bu gün fəaliyyət göstərən psixoloqların fəaliyyətinin dondurulmasında, bütün qeyri-qanuni mərkəzlərin bağlanmasında, yeni psixoloqlar ordusunun yığılmasında, psixoloji təhsil sisteminin tam yenidən qurulmasında görürəm. Əks halda bu dələduzlardan yaxa qurtarmaq mümkün olmayacaq, cəmiyyətin olan-qalan psixoloji durumunu da dırnaqarası psixoloqlar məhv edəcək.

Aygün Musayeva