Azərbaycanın 2022-ci ildə səhiyyə xərcləri dəyişir.
Medicina.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, səhiyyə xərcləri 1 788 619 634 manatdan 1 708 797 316 manata azaldılır. Bu vəsaitdən poliklinikalar və ambulatoriyalar üçün 1 804 324 manat, xəstəxanalar üçün 169 953 633 manat, səhiyyə sahəsində tətbiqi nəzərdə tutulan tədqiqatlar üçün 2 590 726 manat, səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün 1 534 448 633 manat, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1 125 674 629 manat vəsait ayrılacaq.
Bundan əvvəl səhiyyə xərcləri üçün nəzərdə tutulan 1 788 619 634 manat vəsaitdən poliklinikalar və ambulatoriyalar üçün 1 664 544 manat, xəstəxanalar üçün 171 143 669 manat, səhiyyə sahəsində tətbiqi nəzərdə tutulan tədqiqatlar üçün 2 588 726 manat , səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün 1 613 222 695 manat, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatına 1 125 674 629 manat ayrılması nəzərdə tutulmuşdu.
Göründüyü kimi, dəyişikliyə əsasən, poliklinikalar və ambulatoriya xərcləri, səhiyyə sahəsində tətbiqi nəzərdə tutulan tədqiqatlar üçün ayrılan vəsait artırılır, xəstəxanalar, səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün ayrılan vəsait azaldılır. Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı isə olduğu kimi qalır.