Azərbaycanda ötən il 5 yaşına qədər ölən uşaqların sayı açıqlanıb
"Azərbaycanda 2018-ci ildə 5 yaşına qədər 1825 nəfər uşaq ölüb. Bu rəqəm ötən illərlə müqayisədə kifayət qədər aşağıdır”.
Medicina.az xəbər verir ki, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyib.
O bildirib ki, 2007-ci ildə 5 yaşına qədər 2351 nəfər uşaq ölüb.
A. Veysəlova qeyd edib ki, hamilələrin vaxtaşırı müayinədən keçməsi çox vacibdir:
"Həm 1 yaşına qədər, həm də 5 yaşına qədər uşaqların ölümünə daha çox perinatal dövrdə meydana çıxan xəstəliklər səbəb olur. Ona görə hamilələrin həm hamiləlikdən əvvəl, həm də hamiləlik dövründə müayinədən keçməsi çox önəmlidir. Fəsadların qarşısı erkən alınarsa, uşaqlar da sağlam doğular. Kişiləri və qadınları öz reproduktiv sağlamlıqlarına daha çox diqqət ayırmağa çağırırıq. Onlar həkim-mütəxəssislərə müraciət etməkdən çəkinməməlidirlər”.