1980-2017-ci illər ərzində Azərbaycanda ortalaşdırılmış ömür uzunluğu 8 yaş artaraq 72,1 yaşa çatıb.
Medicin.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology" adlı hesabatında deyilir.
Hesabata əsasən, Asiyada ən yüksək göstərici Honkonqda (84,7 yaş), ən aşağı göstərici isə Əfqanıstanda (64 yaş) qeydə alınıb.
Dinamikaya gəldikdə, qeyd edilən dövr ərzində ən yüksək artıma Kamboca nail olub. Belə ki, sözügedən ölkədə 37 il ərzində əhalinin ortalaşdırılmış ömür uzunluğu 41,8-dən 69,3-ə çatıb. Ən zəif artım isə Gürcüstanda qeyd alınıb. Bu ölkədə ortalaşdırılmış ömür uzunluğu cəmi 3,7 yaş artaraq 73,4-ə yüksəlib.
Qeyd edək ki, hesabata əsasən, Asiya üzrə ortalaşdırılmış ömür uzunluğunun orta göstəricisi 72,6 yaş təşkil edir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 15 ildə Azərbaycanda ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb.