Azərbaycanda orqan köçürülməsi ilə bağlı yeni qaydalar hazırlanır - VİDEO
Azərbaycanda orqan köçürülməsi ilə bağlı yeni qaydalar hazırlanır - VİDEO
2018.02.13 09:48
21054 Baxış
Azərbaycanda beyin ölümü gerçəkləşən şəxslərdən orqan nəqlinin həyata keçirilməsi üçün icazənin alınmaması məsələsi gündəmə gəlib. Vəfat edən bir şəxsin orqanı başqa bir insanın yaşaması üçün istifadə oluna bilər.
Bundan başqa uşaq orqanlarının köçürülməsi də təklif olunur. Bunlar Milli Məclisin Səhiyyə Komitəsində orqan nəqlinin genişləndirilməsi ilə bağlı iclasda təklif olunub.
"Bir insan sağ olan zaman orqanlarının bağışlanması barədə vəsiyyət edibsə, bu insanlara orqan köçürülməsi zamanı güzəştlər olmalıdır. Yəni bu insan sağlığında tutaq ki, böyrəklə bağlı problemlə rastlaşıbsa, ilk növbədə belə insanlara böyrək və digər orqanlar köçürülməlidir”.
Bu fikirlər Milli Məclisin Səhiyyə Komitəsində transplantologiya ilə bağlı müzakirələrdə səsləndirilib. Komitənin sədr müavini Musa Quliyev bildirib ki, orqan nəqlinin həyata keçirilməsi üçün müzakirələrdə bir sıra maraqlı təkliflər irəli sürülüb. Bunlardan biri də beyin ölümü gerçəkləşən xəstələrdən razılıq alınmadan orqan nəqlinin həyata keçirilməsidir.
Müzakirələrdə orqan tranplantasiyası ilə bağlı yeni qanunvericilik aktının hazırlanması üçün yaradılan işçi qrupunun rəhbəri Musa Quliyev bildirib ki, orqan nəqli çox ciddi məsələ olduğuna görə bu şəxslərin vahid məlumat bazasının yaradılması da müzakirə olunub.
M. Quliyev söyləyib ki, orqan nəql olunan şəxslər uzun ömür boyu dərmanlar qəbul etməli olduğundan onların sosial müdafiəsi də gücləndirilməlidir.
Millət vəkili dünyanın bir çox ölkələrində hazırda mövcud olan, lakin Azərbaycanda qadağan olan uşaq orqanlarının köçürülməsi üçün də qanunun yenilənməsinə ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, beyin ölümü gerçəkləşən uşaqlardan alınan orqanlar digər xəstə uşaqların həyatlarına davam etməsi üçün önəmli rol oynaya bilər.
Deputat orqan nəqli ilə bağlı müzakirələrin növbəti həftələrdə də davam etdiriləcəyini vurğulayıb.