"Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında, "Optika və optikaçılıq haqqında qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.
Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Ə.Əmiraslanov qeyd edib ki, "Reproduktiv sağlamlıq haqqında” qanunla bağlı bəzi deputatların iradları olub: "Onların iradlarında obyektiv səbəblər də var idi. Amma subyektiv səbəblər çox idi. Biz qanun layihəsini yenidən işlədik. Qanun layihəsi elə bir səviyyəyə gətirilib çatdırılıb ki, o, artıq müzakirə oluna bilər. İndi bu qanunun əleyhinə olan bir qurum yoxdur”.
Komitə sədri əlavə edib ki, bu layihədə yalnız ekstrakorporal mayalanmadan söhbət getmir: "Bu məsələ həmin qanunun cüzi bir hissəsidir. Bu qanun layihəsi ümumilikdə qadınlarımızın sağlamlığına yönəlib".
Ə.Əmiraslanov hesab edir ki, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında qanun layihəsində ciddi dəyişikliklərə ehtiyac var: "Həmin qanunda meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Bununla bağlı işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyacı var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.
Ə.Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür: "Ürək transplantasiyası işinə hazırlaşırılır, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər ilişmiş nöqtədən tərpənməyəcək”.