Azərbaycanda ilk dəfə onkologiya sahəsinə dair lüğət nəşr olunacaq.
Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
İclasda "Onkologiya terminləri” lüğətinin nəşri haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada belə bir nəşrin ilk dəfə olaraq hazırlandığını deyib.
Akademik lüğətdə onkologiya sahəsi üzrə terminlərin Azərbaycan dilində izahının əks olunduğunu, nəşrin bu sahədə çalışan həkimlər, ali və orta tibb təhsili alan tələbələr üçün faydalı olacağını bildirib.
İclasda akademik Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən hazırlanmış terminoloji lüğətin nəşri məqsədəuyğun hesab edilib.