Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda niyə boşanırlar: maddiyyat, xəyanət,yoxsa sevgisizlik? - Ekspertlərdən çıxış yolu

  • 2022.01.06 17:55
  • 3672 Baxış
Azərbaycanda niyə boşanırlar: maddiyyat, xəyanət,yoxsa sevgisizlik? -  Ekspertlərdən çıxış yolu
Boşanmaların səbəbləri kimi çox vaxt maddi vəziyyət, ya da insanların xarakter uyğunsuzluğu və ya kənar müdaxilələr göstərilir. Lakin reallıq və təcrübədən görünür ki, dağılan əksər ailələrin nə pul, nə maddi vəziyyətlə problemləri olmayıb. Bəs onların ayrılığına səbəb nədir?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, biz ailə problemlərini 30-40 il bundan qabağın metodları ilə həll etməyə çalışırıq, lakin indiki dğvrdə yeni metodlara üz tutmalıyıq:



“Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Bu 10-20 il bundan öncəki cəmiyyət deyil.İndiki vaxtda ailədə olan problemlərin kökü ondadır ki, ailə problemləri ilə məşğul olanlar köhnə metodlardan istifadə edirlər. İndiki zaman yeni yanaşma tələb edir. Həmçinin bununla bağlı iqtisadi vəziyyəti səbəb göstərmək doğru deyil. İkinci Dünya Müharibəsindən sonra, ötən əsrdə əhalinin iqtisadi vəziyyəti çox çətin olsa da, boşanmaların sayı bu qədər deyildi. Ona görə də bunu iqtisadi və digər amillərdə axtarmaq doğru deyil.

Bütün bunların əsas səbəbi bu problemin həllinə olan yanaşmadadır. Çünki biz ailə problemlərini 30-40 il bundan qabağın metodları ilə həll etməyə çalışırıq. Bu müasir idarətmə metodunda doğru deyil. Mürəkkəbləşən və həssaslaşan cəmiyyətdə artıq yeni metodlar yaranıb. Ailənin əsas funksiyası odur ki, hər bir insan həyatında ürəyini isitdiyi bir şəxs olur və tamamilə ona etibar edir, fikirlərini bölüşür, yeni nəsil artır. Həmçinin ailə bir xəstəxana rolunu oynayır ki, xəstə olanda bir-birilərinə qayğı göstərirlər.


Ailə, hər bir fərdi cəmiyyətə hazırlayan məktəbdir. Bu məktəb insanı cəmiyyətə hazırlayır, vətənpərvər edir, milli adət-ənənələrin uşaqlara ötürülməsinə yardım edir və sairə”. -Mürəkkəbləşən cəmiyyətdə hansı işləri görməliyik ki, ailə öz funksiyaları daha yaxşı yerinə yetirə bilsin? Bəzən baxırıq ki, qaynana gəlindən, yaxud gəlin qaynanadan şikayət edir. Daha sonra hamı fokuslanır bir nəfərin üzərinə. Daha sonra məsələ ailənin dağılmasına gətirib çıxarıq. Lakin hamı bilməlidir ki, burada ailənin, insanın problemi var. Bunları həll etmək əvəzinə bir tərəfi qızışdırırlar, elə bil ki, yanan tonqala yağ atırlar.

-Bəs bütün bunlardan çıxış yolu nədir?

-İndi çalışmaq lazımdır ki, ailə quranda daha diqqətli olsunlar. 30-40 il əvvəlki dövrdə ailə quran oğlanlar və qızların konkret streotipləri var idi. Bilirdilər ki, onların ailə qarşısında borcu nədir və başlayırdılar onu yerinə yetirməyə. Həmçinin ictimai qınaq, mühit, bədii kitablar onlara kömək edirdi. İndi elə bir adamla ailə qurmalısan ki, onunla maraqların, qəlb dünyan yaxın olsun, yoxsa qəlbdən uzaq adamla ailə qurmaq çox təhlükəlidir. Mən bütün gənclərə hər zaman bunu demişəm. Yəni, elə bir adamla ailə qurmalısan ki, onunla qəlb dünyan yaxın olsun. Çünki toy bitəndən sonra o qəlb bağlılığı olmasa indiki kimi boşanmaların sayı da çox olacaq. Çox tez-tez görürük ki, bu gün evlənib 3 aydan sonra boşanırlar. İndi gənclər, qaşı- gözü gözəldi, pulu var kimi faktorlara daha çox əhəmiyyət verirlər.

-Dövlət bu istiqamətdə hansı addımlar atmalıdır?

-Mürəkkəb olan cəmiyyətdə hökmən sosial iş xidmətinə böyük ehtiyac var. Necə ki, hər məhlələr üzrə sahə polis müvəkkilləri var, eləcə də hər məhlə üzrə 4 nəfərdən ibarət sosial iş xidməti olmalıdır. Yaxşı olardı ki, onlardan ikisi xanım, ikisi bəy olsun. Onlar hər məhlə üzrə ailələlər haqqında məlumatlar toplayacaq. Sabah hansısa narazılıq olanda olnları doğru istiqamətə yönləndirə biləcəklər. Eyni zamanda həmin ailənin sosial durumunun yaxşılaşdırılması üçün dəişlər görəcəklər, eyni zamanda bütün hüquqi məsələlərdə kömək olacaq, polisə müraciətlə bağlı nəsə yaranarsa da yardım edəcəklər.

Qeyd edim ki, xanımların polisə müraciəti, polis idarəsinə getməsi cəmiyyətdə yaxşı qəbul olunmur. Burada ciddi problemlər var. Bizim ailə ilə bağlı konkret konsepsiyamız, fəaliyyət proqramımız olmalıdır. Mən hər dəfə bununla bağlı danışıram, amma heç kim bu məsələyə əhəmiyyət vermir.

Başlayırlar ikinci dərəcəli işlərlə məşğul olmağa. Ailə məsələsi ilə bağlı 50 konfrans, 50 tədbir keçirə bilərlər, amma nə olsun ki, ortada nəticə yoxdur. Deməli, bunlar düzgün metodlar deyil. Bu məsləyə tez bir zamanda təsir etmək olar, amma bununla ciddi məşğul olmaq lazımdır. Necə ki. tibbi qanunlara riayət olunmadan xəstəni sağaltmaq olmazsa, eləcə də elmi əsaslar olmadan, bu məsələni həll etmək olmaz”.

Psixoloq Vəfa Əkbər mövzu ilə bağlı qeyd edib ki, flankəsin qızı, yaxud oğlu məsləhətlidir deyib, ailələrin evləndirdiyi insanlar nəticədə uğurlu olmur:



“Boşanmaların sayı çox böyük sürətlə artır. Burada bir neçə səbəb var. Çünki insanların hər biri fərqlidir və boşanmalar müxtəlif problemlərə görə baş verir. Burada təbii ki, xəyanət, maddi məsələlər ola bilər. Amma əsas faktor insanların sadəcə yaşının gəldiyi üçün evlənməsi, yaxud mən də ana-ata olum deyə ailə qurmasıdır ki, nəticədə çox çəkmir həmin ailələr boşanırlar.

Evlilikdə o insanla bir ömür boyu yaşaya bilərəmmi, nə qədər yola gedə bilərik kimi suallar mütləq nəzərə alınmalıdır. Keçmişdə belə bir şey yox idi. Yəni, böyüklər kiminlə evləndirdi, pis-yaxşı onunla ömrünün axırına kimi yaşamalı idin. Amma indi nəzərə alsaq ki, insanlar kifayət qədər informasiya alır, özlərini dərk edir, üzərlərində çalışır və öz istəklərini yerinə yetirməyə cəhd edirlər.

Ona görə də xarakterləri uyğun olmayan insanla yaşamağın mümkün olmadığını görürlər və bu problemli münasibəti sadəcə ailə-uşaq xətrinə davam etdirmək istəmirlər. Qarşıma çıxan ailələrin əksəriyyəti belədir. Daha sonra flankəsin qızı, yaxud oğlu məsləhətlidir deyib, ailələrin evləndirdiyi insanlar nəticədə uğurlu olmur. İlk vaxtlar onlara bu iş oyun kimi gəlir, evləndikdən sonra anlayırlar ki, məsuliyyət çox böyükdür.

Bəzən valideynlər övladlarına basqılı formada müraciət edir. Mən bir şey demirəm, yaxşı adamdır deyərək həmin insanı sanki evliliyə məcbur edirlər. Faktorlar çoxdur. Burada daha çox müdaxiləli, tələsib sadəcə yaş keçməsin deyə evlənən ailələr görünür. Burada digər maddi problemlər, anlaşılmazlıqlar da var. Problem elə bunların fonunda yaranır. Əslində insanlar bir-birini sevsələr, bir-birinə dəyər versələr, ən başlıca insan özünü formalaşdırsa, bunları aşmaq olar. Əfsuslar olsun ki, nəyinsə xətrinə evlənib sonra kiçik problemləri göz ardına verərək, o problemlərin böyüməsinə təkan verdikləri üçün boşanmalar çox olur”.

F. Söhrabqızı