Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda “Mu” ştammı təhlükəsi: Ekspertlər nə düşünür?

  • 2021.09.10 11:58
  • 1910 Baxış
Azərbaycanda “Mu” ştammı təhlükəsi:  Ekspertlər nə düşünür?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı zamanda yeni ştammları da yaranır. Bu dəfə isə COVID-19-un "Mu" variantı ortaya çıxıb. Yeni variant artıq 40 ölkədə, Amerikanın isə 17 ştatında qeydə alınıb. Qardaş ölkə Türkiyədə də yeni ştamma 2 nəfər yoluxub.

Bəs “Mu” ştammının Azərbaycanda da yayılma ehtimalı var?

“Virus elə yoluxma gücünə malikdir ki, nə qədər qorunsaq da bizə keçə bilər”

Ankara klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov Bakupost.az -a açıqlamasında yeni ştammın Azərbaycana da gəlib çıxmasının mümkün ola biləcəyini deyib:


“Ekspertlərin və ÜST-ün də dediyi kimi yeni dalğalar gözlənilə bilər. O cümlədən virus dalğası da gözlənilən idi. Ümumi qorunma tədbirləri dəyişməyib. Mümkün qədər biz köhnə “qızıl” qaydalarımızı yaddan çıxartmamalıyıq. Məsafənin qorunması, maska taxmaq, dezinfeksiyaedici tədbirlər və s. əsas məsələlərdir. Həmçinin vaksinasiya məsələsinə daha sıx qoşulmaq lazımdır. Dünyada da həm müalicə, həm də profilaktika istiqamətində araşdırmalar davam etdirilir, yeni-yeni təkliflər irəli sürülür. Böyük ehtimalla yaxın gələcəkdə daha yeni dərmanlar və vaksinlər ortada olacaq.

Bu gün yolların bağlanmasından, ciddi məhdudlaşdırılmalardan mümkün qədər qaçmağa çalışırıq. Çünki bu dalğalanmaların nə qədər davam edəcəyi sual altındadır. İqtisadiyyatın çökməməsi, insanların digər ekonomik krizlə üzləşməməsi, ümumilikdə həyatın çox sıxıntıya girməməsi üçün mümkün qədər rejimin açıq qalması ancaq qorunma tədbirləri ilə tövsiyə olunur. Bütün dünya artıq bu yolu tutub. Bəzən bu dalğalar elə ciddi problemlərlə, ağır rəqəmlərlə ifadə olunan nəticələrə gətirib çıxara bilər ki, o zmaan mümkün məhdudiyyətlərin də tətbiq olunması qərarı verilə bilər. Bu məsələlərin hamısını Operativ Qərargah nəzərdə saxlayır və rəqəmlərə əsasən müvafiq təlimatlar, qərarlar verilir.

Yeni ştammlar digər dövlətlərdə yayılıbsa, o zaman o ölkələrlə gediş-gəliş əlaqəsini nəzərə alaraq, demək olar ki, "Mu"-nun Azərbaycana da gəlmə ehtimalı var. Nə qədər qorunsaq da virus elə yoluxma gücünə malikdir ki, qonşu ölkələrdə yayılan ştammın bizə də keçməsi mümkündür”.

“Artıq koronavirusun 24-dən çox ştammı var”

İnfeksionist Mərdan Əliyevin fikrincə, yeni ştammlar yayılsa da heç biri Vuhan variantından təhlükəli deyil:



“Əslində “Mu” ştammı yeni deyil. Yanvar ayında Kolumbiyada aşkarlanıb. Orada sürətlə yayılmağa, artmağa başlayıb. Artıq ölkədə dominant ştamma çevrilib. “Mu” Avropanın 40 ölkəsinə, o cümlədən Türkiyəyə də gəlib çatıb.
Bir müddət əvvəl “Alfa”, “Lambda” ştammları da ortaya çıxmışdı. Amma onlar sürətlə yayılıb, çoxala bilmədi. Ola bilsin, bir müddət sonra bu variantların üzərinə qayıdılacaq. Məlumatlarda daha ölümcül olması, xəstəxana şəraiti tələb etməsi və s. qeyd edilsə də bunlar təsdiq olunmayıb. Düşünürəm ki, çox narahatedici ştamm deyil. ÜST tərəfindən də narahatedici ştamm kimi qeydə alınmayıb. Amma “Delta” variantı narahatedici ştamm kimi qeydə alınmışdı. Buna görə də düşünmürəm ki, “Delta” yerinə “Mu” variantından danışacağıq. Artıq koronavirusun 24-dən artıq ştammı var. Bu ştammlarla bağlı hər ay, müəyyən müddətdən bir danışılacaq. Amma heç biri koronavirusun “original”, yəni Vuhan ştammından təhlükəli deyil. Bunlar təbii prosesdir. Pandemiyada virusun yeni-yeni ştammları meydana çıxa bilər”.

“"Mu" Ümumdünya Səhiyyə Təşkilatının maraq doğuran variantlar qrupuna daxil edilib”

Həkim-infeksionist Nicat Əzimli isə deyib ki, Azərbaycanda da “Mu” ştammının yayılması doğrudur:



“Amma əvvəlki ştammlarla müqayisədə nə dərəcədə ağır xəstəlik törətdiyi hələ məlum deyil. Hazırda bu variantla bağlı monitorinqlər davam etdirilir və Ümumdünya Səhiyyə Təşkilatının maraq doğuran variantlar qrupuna daxil edilib. İlkin məlumatlar hazırkı vaksinlərin yaratdığı immunitetdən yayınma xüsusiyyətinin olması ilə bağlıdır”.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev Azərbaycanda koronavirusun yeni ştammının ("Mu") aşkar edilmədiyini açıqlayıb.



O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.

Aygün Nəbiyeva