Bu gün V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başlayıb.
Bunu Medicina.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, "Orqan transplantasiyası haqqqında” yeni qanun layihəsinin parlamentin yaz sessiyasında qəbul edilməsi gözlənilir.
M. Quliyev hazırda ölkədə 3 minə qədər insanın orqan köçürülməsinə ehtiyacı olduğunu nəzərə çatdırıb: "Ancaq bu insanların ehtiyaclarının təmin edilməsində çətinliklər var. Yeni qanunun qəbulu ilə bu çətinliklərin aradan qalxacağına inanırıq. Qanunun qəbulundan sonra meyitdən orqan köçürülməsi məsələsi tənzimlənəcək. Eyni zamanda insanların sağlığında orqan bağışlaması vacib məsələdir, bu sahədə də maarifləndirmə işləri aparılacaq. Atılacaq bu addımların bu sahədə problemlərin aradan qaldıracağına inanırıq. Qanun süni orqan köçürülməsini də tənzimləəcək”.
Malatya Universitetinin professoru Sezai Yılmaz ATU ilə əməkdaşlığın əhəmiyyətli olduğunu, Azərbaycanda orqan transplantasıyası ilə bağlı qanunun tezliklə qəbulunu arzuladıqlarını söyləyib.
AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik tarixindən bəhs edib.