Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda məktəblər bağlanmalıdırmı? – Pediatrdan AÇIQLAMA

  • 2020.03.02 14:07
  • 8222 Baxış
Azərbaycanda məktəblər bağlanmalıdırmı? –   Pediatrdan AÇIQLAMA
Artıq qonşu İran və Gürcüstanda koronavirusun yayılması ilə əlaqədar təhsil ocaqlarında dərsləri dayandırıb. Belə bir qərarın Azərbaycan Təhsil Nazirliyi tərəfindən də atılacağı gözlənilirdi. Lakin Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hələlik bu barədə heç bir qərar verilməyib.

Mövcud vəziyyət və məsələ ilə əlaqədar Medicina.az-a açıqlama verən pediatr Ülvi Əliyevin sözlərinə görə, indi daha böyük problem məktəblərin strukturu ilə bağlıdır:

“Məktəblərin strukturu indi fərqlidir. Əvvəllər məktəblərdə dərslər arası tənəffüslər böyük olurdu, ən azı 10-20 dəqiqə. Bu zaman şagirdlər məktəbin həyətinə çıxıb hava alır, sinifdə də kim növbətçi idisə pəncərələri açıb otağın havasını dəyişirdi. İndi təəssüflər olsun, hər şey dəyişib. Bir çox məktəbdə səhər şagirdlər gəldikdən sonra qapı bağlanır, günorta bütün dərslər bitənə qədər də bağlı qalırlar. Bütün şagirdlər tənəffüsə belə məktəbin dəhlizinə çıxırlar. Məsələn, 600-1000 nəfərlik bir məktəb qapalı bir yerə çevrilir”.

“Dolayı olaraq məktəb məktəbliyindən çıxıb”- deyə, pediatr əlavə edib:

“Artıq məktəb həyəti heç bir funksiya daşımır. Buna görə də, məktəbləri təhlükə mənbəyi kimi görənlər var. Eyni şey bağçalara da aiddir. Hərə iki-üç otaqlı bir yer götürüb, hazırlayıb, bağça statusu ilə 20-30 uşağa xidmət edir. Bu uşaqları da qapalı otaqlarda saxlayırlar. Bir şeyi dərk etmək lazımdır ki, soyuq havada xəstəlik açıq havaya çıxmaqdan yaranmır. Ən çox xəstəlik, istər koronavirus, istərsə də digər virus infeksiyaları bunlar qapalı yerlərdə uzun müddət sıx toplaşmaqdan yaranır”.

Pediatr hazırda təhsil ocaqlarını bağlanmasına səbəb görmədiyini bildirib:

“Məktəblərin bağlanması üçün Bakıda hələ ki, epidemioloji vəziyyət bəlli deyil. Amma məktəblərdə ola bilərmi? Bunu zaman göstərəcək. Məktəbin bağlanması şərt deyil, ən azından onları normal məktəb formasına çevirib, qaydalara əməl etsələr, bu yolla uşaqları qorumaq olar. Əks təqdirdə tək koronavirus deyil, başqa virusların artması gözləniləndi. Hər valideyn də öngörüşlü olmur. Uşaqda öskürmə, burun axması kimi əlamətləri görüb məktəbdən saxlamır. Nəticədə də uşaq gedib başqa uşaqları yoluxdurur.

Düşünürəm ki, mövsümün dəyişməsi ilə viruslardan da xilas olacağıq. Bizim yarımkürədə qrip mövsümü mart ayında başa çatır. Ona görə, martın sonları artıq viruslarla bağlı epidemoloji vəziyyət düzələr deyə, güman edirəm”.

Afaq Rza