Artıq çəki günümüzün aktual problemlərindən biridir. Son illərin tendensiyasına görə, bəziləri artıq çəkidən mədə kiçiltmə (Sleeve Gastrektomiya) əməliyyatı ilə qurtulmağa çalışırlar. Əməliyyat nəticəsində mədənin böyük əyriliyi tərəfindən bir hissənin uzununa çıxarılması nəticəsində mədə daralmış olur. Çıxarılan mədə (fundus) hissəsindən aclıq hissi hormonunun (Grehelin) ifrazı azalır. Azərbaycanda da geniş vüsət almağa başlayan əməliyyatın qiyməti 5500-7000 manat arasında dəyişir.
Mədə kiçiltmə əməliyyatının müddəti, göstərişləri, fəsadları ilə bağlı Modern.az-ın suallarını bariatrik cərrah dr Anar Namazov cavablandırıb.
- Doktor, dünyada, eləcə də Azərbaycanda mədə kiçiltmə əməliyyatlarına müraciət edənlərin sayında artım müşahidə edilir. Bu tendensiya nə ilə bağlıdır?
- 5-10 il əvvəl ölkəmizdə bir dənə də olsun mədə kiçiltmə əməliyyatları qeydə alınmayıb. Mədə kiçiltmə əməliyyatı 5 il əvvəl icra olunmağa başlayıb. İnsanların inamı artdıqca, müsbət nəticələr olduqca, müraciət edənlər də artır. Bütün dünya ölkələrində olduğu kimi, ölkəmizdə də bu əməliyyat geniş vüsət almağa başlayıb.
- Mədə kiçiltmə əməliyyatına müraciət edənlər kimlərdir? Bunu dəb, yoxsa sağlamlıq üçün edirlər?
- Əsasən sağlamlıq baxımından. Artıq çəki günümüzdə insanları narahat edən ən ciddi problemdir. Bütün orqanizmə mənfi təsir göstərir, bir çox xəstəliklərə yol açır. İnsanlar da arıqlamaqla həmin xəstəliklərdən qurtulurlar. Əməliyyatın ana xətti budur. Paralel olaraq arıqlayaraq, incə görünmək özü də bir gözəllikdir.
- Daha çox kişilər, yoxsa qadınlar bu əməliyyata müraciət edir?
- Əlbəttə, daha çox qadınlar. Kişilər köklüyü o qədər də özlərinə dərd etmirlər. Amma nisbətlə götürsək 4-ün 1-ə nisbətində qadınlar üstünlük təşkil edir.
- Bu günə qədər təxminən neçə pasiyentinizin mədəsini kiçiltmisiniz?
- Pasiyentlərimizin sayı 400-ü keçəndən sonra daha saymadıq.
- Ən yüksək çəkili pasiyentiniz neçə kiloqram olub və əməliyyatdan sonra nə qədər arıqlayıb?
- Praktikamızda ən ağır xəstə 210 kiloqram olub. Əməliyyatdan sonra çəkisinin təxminən 75 faizini itirib. Əməliyyatdan bir il sonra əsaslı effekt görünür. Amma üç-dörd aya nəzərəçarpacaq dəyişiklik hiss edilir.
- Çəkinin itirilməsi nəyin hesabına baş verir? Pasiyentin iştahası azalır, yoxsa başqa nəsə baş verir?
- Mədənin kiçilməsi insanın çoxlu qida qəbul etməsini əngəlləyir. Birinci səbəb budur. Mədədə ifraz olunan bir hormon var. Həmin hormonun azalması da ikinci faktor kimi təsir göstərir. Nəticədə insan az miqdarda qida qəbul etdikdən sonra doyur və xeyli müddət yemək istəmir. Bu da onların heç bir sıxıntı çəkmədən arıqlamasına gətirib çıxarır. Bir növ öz iradələrindən asılı olmayaraq yeməkdən imtina edirlər. Pəhriz dözüm və iradə tələb edir ki, bunu da hər kəs bacarmır. Amma yüksək çəkili insanların normal pəhrizlə arıqlaması təxminən bir faiz təşkil edir. Ona görə də əməliyyatlar geniş vüsət alıb. Bu işin radikal, qalıcı metodu mədə kiçiltmə əməliyyatıdır. Əvvəllər buna son çarə kimi baxılırdı, amma indi ağır çəkili, bədən indeksi qırxın üzərində olanlarda bu tək çarədir.
- Əməliyyat müddəti nə qədərdir?
- Bir saat.
- Əməliyyatdan sonra pasiyent tam normal həyata nə vaxt qayıdır?
- Əməliyyatdan dörd saat sonra xəstə yeridilir. Orta hesabla 3 gün sonra evə yazılır. Bir həftə sonra tam normal həyata qayıdır. Hətta işə də çıxır. Təbii ki, bu həm də fərdin orqanizmindən asılı məsələdir.
- Mədə kiçiltmə əməliyyatı hansı yaşda göstəriş ola bilər?
- 18 yaşından kiçik olanları əməliyyata götürmürük. 18 - 65 yaş arasında olan insanlar bu əməliyyata müraciət edə bilər. Əgər 65 yaşlı insanda bu əməliyyat üçün mütləq əks-göstəriş yoxdursa, həyat eşqilə doludursa, onu da əməliyyat edirik. Belə nümunələr də var.
- Elə pasiyentlər varmı ki, onlar üzərində belə bir əməliyyatın keçirilməsi qadağandır, yaxud risklidir?
- Əvvəlcədən geniş diaqnostik müayinələr aparılır. Xəstə bir neçə mütəxəssis tərəfindən müayinədən keçir. Kəskin ürək xəstələri, narkoz verilməsi problem yarada bilən xəstələr, mütləq əks-göstəriş olanlar əməliyyata götürülmür. Hər şey qaydasındadırsa, əməliyyat icra olunur.
- Dediniz ki, tam nəticə bir il sonra bəlli olur. Xəstə bu bir il müddətində həm də pəhrizdə olur?
- Yox. Xəstə bütün qidaları qəbul edir, sadəcə az miqdarda. Qaldı ki, yağlı, çox qızardılmış qidalar, qazlı içkilər və s. bunları heç əməliyyat olunmayanlara da tövsiyə etmirik.
- Əməliyyatın fəsadları və ölüm riski nə qədərdir?
- Bütün əməliyyatlarda olduğu kimi, bu əməliyyatda da risk faktoru var. Fəsadlar mümkündür və heç kim bundan sığortalanmayıb. Son illər texnikanın çox inkişaf etməsi bu ağırlaşmaların minimuma enməsinə səbəb olub. Ürək əməliyyatlarında, qarın boşluğu əməliyyatlarında, böyrək əməliyyatlarında və s.də də bu fəsadlar mümkündür. Amma mədə kiçiltmə əməliyyatlarında fəsadlar çox kiçik olduğuna görə geniş vüsət almağa başlayıb. Əslində bu əməliyyatı etdirməmək özü də fəsadlara yol açır, ömrü qısaldır və s.
- Praktikanızda əməliyyatdan sonra fəsadlar yaranan, yaxud ölən xəstəniz olubmu?
- Xeyr olmayıb. İnşallah olmaz da. Amma heç kim bundan sığortalanmayıb. Biz çalışırıq ki, maksimum dərəcədə lazımi protokol qaydalarına riayət edək. Fəsad subyektiv səbəbdən olmur, amma obyektiv səbəbdən ola bilir. Adam getdiyi yerdə yıxılıb ölə də bilər.