Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Marketlərdə pambıq yağı qarışdırılmış bitki yağları peyda olub – Orqanizmə zərərləri

  • 2021.06.01 19:07
  • 6383 Baxış
Marketlərdə  pambıq yağı qarışdırılmış bitki yağları peyda olub  – Orqanizmə zərərləri


Azərbaycanda yerli markaların istehsalı olan günəbaxan yağı ilə pambıq yağının qarışığı olan duru bitki yağı marketlərdə satılır.

Bir çox alıcılar bu yağları günəbaxan yağı bilərək alır, çoxları isə ucuz olmasına görə seçir.
Azərbaycan mətbəxində pambıq yağı heç vaxt qida yağı olmayıb. Pambıq yağını daha çox özbək, türkmənlər kimi Asiya xalqları plovlarında istifadə edib və onun özünəməxsus tamı var.

Medicina.az pambıq yağının orqanizmə uyğun olub-olmamasını, belə qarışıq yağın qidalarda istifadəsinin nə dərəcədə düzgün olmasını araşdırıb.

Nutrisoloq həkim Amaliya Rəhimova rafinə olunmuş belə yağların bədənə faydalı yox, zərərli olduğunu bildirib.
Bitki yağları doymuş, monodoymamış və polidoymamış yağ turşuları baxımından fərqli tərkibə malikdir.


Sağlıqlı rasionda bunların müəyyən nisbətdə olması mütləqdir. Yağların qarışdırılması (buna Kupaj deyilir) həmin yağ turşularının balanslı nisbətini əldə etmək nöqteyi –nəzərindən aparılır, bu praktika geniş yayılıb.

Lakin rafinəedilmiş yağ olduğundan tərkibində heç bir faydalı maddə qalmr (rafinəsiz pambıq yağı ümumiyyətlə təhlükəlidir, tərkibində Qossipol adlı zərərli maddə olur; rafinasiyada xaric edilir). Bundan əlavə, hər iki yağın tərkibinin əsas hissəsini iltihabtörədici omega -6 yağ turşusu təşkil etdiyindən (pambıq yağında 60%, günəbaxanda- 75%) və omega-6-nın bir çox digər məhsullarla aldığımızı nəzərə alaraq, bu yağın istifadəsi tövsiyyə olunmur.

Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə əslində təmiz pambıq yağının qidalanma məqsədilə istifadəsinin mümkünlüyünü desə də, indiki şəraitdə pambığın becərilməsində çoxlu zərərli kimyəvi maddələrdən istifadə edildiyini nəzərə alsaq, pambıq yağının bu maddələrdən tam təmizləndiyini və orqanizm üçün yararlı olduğunu əminliklə demək olmaz.

Heç kim bu yağların zərərsiz olmasına zəmanət verə bilməz.

Hesab edirik ki, marketlərdə təmiz, faydalı yağların onsuz da az olduğu dövrdə bazara pambıq yağı qarışdırılmış belə məhsulların axını insan orqanizmi üçün dəhşətli fəsadlara yol aça bilər.

Belə yağları tavada isidib ərzaq qızardanda o asanlıqla trans yağa çevrilir

Həm də pambıq yağının kimdən necə alınması, necə hazırlanması da isyehlakçıya məlum deyil. Ucuz pambıq yağı ilə yağ bazarımızı zənginləşdirməyə dəyməz.

Pambıq yağında olan qossipol adlı kimyəvi birləşmə kişilərdə spermatogenezi dəyişdirir və spermanın keyfiyyətini azaldır. Orqanizmdə geridönməz dəyişikliklər yaratdığına görə ÜST qida və dərmanlarda bu polifenol maddənin yolı verilən müəyyən dozadan artıq istifadəsinə qadağa qoyub.