"Bütün dünya ölkələrində ölüm səbəbləri arasında birinci yerdə məhz ürək-damar xəstəlikləri gəlir. Əksər hallarda insan orqanizmində damarla bağlı xəstəliklər, özünü heç bir ciddi əlamətlə büruzə vermədiyi üçün insanlar bu xəstəliklərdən xəbərsiz olurlar. Bu isə insan həyatı üçün çox ciddi təhlükəli mərhələlərə yol aça bilir”.
Medicina.az xəbər verir ki, bu sözləri Publika.az-a son zamanlarda Azərbaycanda əhali arasında infarktdan ölüm hallarının sürətlə artmasına münasibət bildirən, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, qeydə alınan ölüm hallarının böyük əksəriyyətinə infarktla yanaşı, insult da səbəb olur:
"Ümumiyyətlə, insan orqanizmi üçün bəlli bir standartlarda qida rasionu, fiziki hərəkət və balans zərurdir. Lakin təəssüflər olsun, biz bu gün demək olar ki, avtomatlaşdırılmış sistemdə yaşayırıq. Buna görə də əhali orqanizmin qəbul etdiyi kolori ilə sərf etdiyi kalori arasındakı balansı qoruya bilmir. Onsuz da hazırda qidaların tərkibindəki dəyişikliklər orqanizmə yetəri qədər ziyan vurur. Bununla yanaşı, insanlar da çoxlu qida qəbul edərək passiv və oturaq həyat tərzi keçirirlər. Bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Piylənmə şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi müsbət xolesterolun aşağı olması, gündəlik zəruri idman hərəkətlərinin edilməməsi stress, əsəb, ürək-damar xəstəliklərinə səbəb ola bilir. İnsanlar çox tənbəlləşib. Kalori qəbulu və sərfiyatı arasındakı disbalans isə maddələr mübadiləsi məhsullarının kirəc şəklində damarların divarlarına çökərək, onun daralmasına səbəb olur. Bax, bu isə vaxtından əvvəl ürək və beyin əzələlərində işemik xəstəliklərin yaranmasına gətirib çıxarır. Çünki ürək və beyin oksigenə olduqca həssas orqanlardır. Bununla yanaşı, bir sıra başqa xəstəliklər də ani ölümlərə gətirib çıxara bilir”.
Professor əlavə edib ki, ölüm halları təkcə infark və insult diaqnozu ilə qeydə alınmır. "Ürəyin elektrik dayanması” deyilən anlayış bu prosesin özəyini təşkil edir:
"Ani olaraq keçiricilik pozulur və ürək dayanır. Damarlarda qəflətən yığılma baş verir və bu isə səbəbi bilinməyən məsələdir. Ürəyin sağ və sol mədəciklərində, oyanma ocaqlarında yaranan problemlərdir. Anadangəlmə, ya da sonradan qazanılmış xəstəliklər də ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb ola bilir. Bu mövzuda dəqiq hər hansı bir statistik rəqəm demək olmur. Amma həkim olaraq, son vaxtlarda bu iki diaqnozda xəstələrin artan dinamikasını görürük”.
Ölüm hallarının qarşısını almaq üçün insanların mütləq şəkildə aktiv həyat tərzinə və qida rasionuna diqqət etməli olduqlarını dilə gətirən A.Qeybulla, sürətli və normadan artıq qidalanmanın da ölüm riskini artırdığını deyib:
"İnsanlar gün ərzində lazımsız qida istehlakına üstünlük verirlər. Ümumilikdə əhali arasında qidalanma miqdarı olduqca çoxdur. Gümrah olmaq üçün mümkün qədər az yemək və çox hərəkətdə olmaq lazımdır. Bu isə təbii olaraq, şəxsə, onun orqanizminə görə dəyişir”.
A.Qeybulla onu da qeyd edib ki, gənc yaşda infark diaqnozu ilə ölənlərin sayında sürətli artım qeydə alınıb. Təəssüf olsun ki, ilbəil gənclərin alkoqollu içkilərə və tütün məhsullarına meyli artır:
"Bu gün ümümumiyyətlə siqaret çəkən kütlənin sayı olduqca artıb. Siqaret istifadəçiləri arasında qadınların sayı demək olar ki, oğlanların sayına çatmaqdadır. Bundan başqa, Bakıda bəlkə də 1 milyondan çox texniki standartlara cavab verməyən avtomobil var. Onlar havanı çirkləndirərək atmosfer havasının tərkibində xərçəng xəstəliyi yaradan maddələri əmələ gətirir. Normadan artıq çirklənmə təbii ki, insan orqanizmində, xüsusilə riskli olan ağciyər xərçənginin yaranmasına şərait yaradır”.