Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür.
Azərbaycan dünyada vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Hələ peyvəndlərin hazırlandığı dövrdə artıq Azərbaycan peyvənd hazırlanan ölkələrlə danışıqlara başlamışdı. Sınaq mərhələlərindən sonra 2020-ci ilin dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Çinin “Sinovac Biotech"” şirkətinin “Coronavac” peyvəndi təcili istifadə üçün təsdiqləndi. Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası arasındakı müqaviləyə əsasən, ölkəyə 4 milyon doza “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutuldu. Beləliklə, Azərbaycanda 2021-ci ilin yanvarın 18-də “Coronavac”ın tətbiqinə başlanıldı. Ötən ilin may ayından “Vaxzevria” (“Astrazeneca”), “Sputnik V”, iyun ayından isə “Pfizer” vaksinlərinin tətbiqinə icazə verildi.
Qeyd edək ki, Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr ÜST tərəfindən yüksək qiymətləndirilib. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Azərbaycan tərəfindən 100 000 doza “CoronaVac” vaksini Türk Dövlətləri Təşkilatı çərçivəsində Afrika dövlətlərinə ianə edilib. /aztibb.az/