"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməməyi, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etməyi tövsiyə edir".
Medicina.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir.
Məlumata əsasən, hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb: "Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".
Qurum hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacib hesab edir:
Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;
Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:
Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;
ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, səfər ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, həmin şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.