Koronavirusa yoluxan vətəndaşlarımız karantində olduqları tibb müəssisəsində yerləşdirildikləri xüsusi bokslardan kamera qarşısına çıxıblar.
AZTV-nin hazırladığı xüsusi süjetdə həmin xəstələrdən bir neçəsi yaşadıqları hissləri, xəstəliyin simptomlarını, onlara necə təsir etdiyini danışıb.
Xızı rayonunun Giləzi qəsəbəsindən olan qadın ayın 21-dən karantində olduğunu deyir. O, başına gələnləri belə izah edir:
“Öskürəklə başladı. İki gün öskürdüm. Sonra qızdırma gəldi. Qonağım var idi. O da öskürürdü. O gedəndən iki gün sonra məndə eyni öskürək başladı. Sonra nəfəs almaqda çətinlik çəkməyə başladım. 56 yaşım var. Rayondan həkim gətirdilər. Həkim dedi ki, bu barədə xəbər verməliyik”.
Koronavirus xəstəsi olan qadın həmçinin digər vətəndaşlara da səslənib:
“Öz evlərinizdə, əzizlərinizin yanında qalın. Evə girin, heç yerə çıxmayın”.
Digər koronavirus xəstələrinin fikirləri ilə tanış olmağınız üçün həmin görüntüləri təqdim edirik.