Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa qarşı peyvəndlər hazırlanacaq

  • 2020.03.16 21:56
  • 3370 Baxış
Azərbaycanda koronavirusa qarşı peyvəndlər hazırlanacaq
Martın 16-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirusla mübarizəyə dair maarifləndirici dəyirmi masa keçirilib.

Bu barədə Medicina.az-a AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncam imzaladığı və bu tədbirin həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə təşkil olunduğu vurğulanıb.


AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova qeyd edib ki, sərəncama əsasən, akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib. O, koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu qeyd edərək, müvafiq sahə mütəxəssislərini fəal olmağa, öz biliklərini insanlarla bölüşməyə çağırıb: “Koronavirusdan qorunma və müalicə üsulları ilə bağlı kitabça və broşürlər hazırlanmalı, insanlara mütəmadi olaraq məlumatlar verilməlidir”.

Ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda, vaksinlərin hazırlanması sahəsində dərin biliklərə malik mütəxəssislər olduğunu deyən akademik İ.Hüseynova bildirib ki, bu istiqamətdə tədqiqatlar daha da genişləndirilməlidir. Onun sözlərinə görə, elmi biliklər vasitəsilə ağır xəstəlik və pandemiyalarla mübarizə asan olacaq.

Hazırda ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması və peyvəndlərin hazırlanması məqsədilə ciddi tədbirlər görüldüyünü deyən alim bu pandemiyanın dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.

Elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov bildirib ki, ölkəmizdə dövlətin və onun müvafiq orqanlarının Dünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq koronavirusla (COVID-19) mübarizə məqsədilə həyata keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyətə malikdir.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi Nərgiz Sultanova koronavirusun diaqnostikası ilə bağlı çıxış edib. Son məlumatlara əsasən bu günədək SARS-CoV-2 virusunun 26-dan çox genomunun ayrıldığını və öyrənildiyini bildirib. Qeyd edib ki, Çin alimləri yeni 2019-nCoV koronavirusunun laborator diaqnostikası metodlarının yaradılmasına bu virusun genomunun nukleotid ardıcıllığı müəyyən edildikdən sonra başlayıblar.

Onun sözlərinə görə, ilk diaqnostik test sistemi Çində cari ilin yanvar ayında hazırlanıb və istifadəyə verilib. Daha sonra Almaniya, ABŞ, İsrail alimləri yeni SARS-CoV-2 virusunun molekulyar diaqnostikası üçün müxtəlif diaqnostik test sistemləri hazırlayıblar.

Alimin sözlərinə görə, hazırda çinli alimlər tərəfindən hazırlanmış, 1 saata molekulyar diaqnostikanı həyata keçirən kitlər də mövcuddur. İsrailin məşhur “RADLogics” şirkəti isə SARS-CoV-2 virusunu 30 saniyə ərzində aşkar etməyə və zamandan asılı olaraq xəstəlik dinamikasını izləməyə imkan verən yeni metod işləyib hazırlayıb.

Nərgiz Sultanova, həmçinin müasir dövrdə bütün dünyada SARS-CoV-2 virusunu qeyri-laborator şəraitdə dərhal deteksiya etməyə imkan verən immunostriplərin hazırlanması üzərində iş aparıldığını, yüksək həssaslıq əldə etmək üçün bu istiqamətdə tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

İnstitutun Beynəlxalq molekulyar biotexnologiya laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva isə çıxışında viruslarla mübarizədə vaksinlərin rolundan söz açıb. O, Çində yaranmış və bir sıra ölkələrdə sürətlə yayılmaqda olan koronavirus pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün bütün dünyada, eləcə də Azərbaycanda kompleks tədbirlər həyata keçirildiyini qeyd edib. “Vaksinlər müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji hazırlıqdır”, – deyən məruzəçi onların üç növünün mövcudluğunu, buraya bütöv hüceyrədən ibarət olan, eləcə də toksoid və subvahid vaksinlərin aid olduğunu deyib.

Aytən Ağayeva təhlükəsiz və effektiv vaksin hazırlamağın mürəkkəb proses olduğunu vurğulayaraq, dərman preparatlarının müəyyən mərhələlərdən keçdiyini nəzərə çatdırıb. O, bu gün koronavirusa qarşı heç bir vaksinin mövcud olmadığını, lakin dünyanın bir neçə nüfuzlu təşkilatının bu istiqamətdə kompleks işlər apardığını vurğulayıb: “Hazırda Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir”.

Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə yanaşı, ayrı-ayrı fərdlərin də bu prosesdə böyük rolu olduğunu bildirib, insanların şəxsi gigiyena qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, bu problemlərlə mübarizədə ortaya qoyulan biotəhlükəsizlik prinsipləri bütün canlılara və ətraf mühitə dəyən zərəri minimuma endirməyi nəzərdə tutur.

“Bioloji təhlükəsizliyin təmin olunmasında meydana çıxan problemlərin qarşısını almaq üçün bir sıra vacib tədbirlər görülməlidir”, – deyən P.Muradov bildirib ki, mümkün təhlükələrin öncədən proqnozlaşdırılması, xəstəliyin düzgün diaqnostikasının aparılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, əhalinin xəstəliyin fəsadları barədə maarifləndirilməsi nəticəsində profilaktik tədbirlərin görülməsi ilə ona yoluxma hallarının azaldılması zəruri məsələlərdəndir.

Sonda çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, koronavirusla mübarizənin gücləndirilməsi və maarifləndimə işlərinin genişləndirilməsinə dair bir sıra təkliflər səsləndirilib.