Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.
Agentlikdən bildirilib ki, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək.
Bunlar aşağıdakılardır:
- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti)
- İctimaiyyət üçün psixoloji dəstək
- Xəstələr üçün psixoloji dəstək
Bildirilib ki, hazırda ölkədə xüsusi karantin rejiminin elan olunduğunu nəzərə alaraq, əhaliyə ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq və karantin dövründə tətbiq edilən məhdudiyyətlərə əməl etməni təmin etmək məqsədilə vətəndaşların evdən çıxmadan lazımi poliklinika xidmətləri almaları, poliklinik xidmətlərlə bağlı dəstək xətti vasitəsilə mümkündür. Belə ki, vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin “1542” Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər.
Xatırladaq ki, agentliyin Çağrı mərkəzi vasitəsilə koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq da mümkündür.
Vətəndaşlar Çağrı mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla zəng edə bilərlər.
Vətəndaşlar Çağrı mərkəzinə müraciət etdikdə
- koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün - 1542-0
- icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1542-1
- psixoloji dəstək üçün - 1542-2
- poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 1542-3 düymələrini seçməlidirlər.
Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, qurumun səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” Çağrı mərkəzi fevral ayından etibarən fəaliyyət göstərir.