Azərbaycanda "WhatsApp”da mesaj vasitəsilə koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib, hüquq-mühafizə orqanları isə yalan məlumat və çaxnaşma şayiələri yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib.
Medicina.az haqqın.az-a istinadən xəbər verir ki, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkar olunması barədə yalan məlumat yayan şəxs saxlanılıb. Həmin şəxsin həkim olduğu müəyyənləşdirilib. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı suala cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.