Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda könüllü tibbi sığorta necə təşkil ediləcək? - Qaydalar müəyyənləşdi

  • 2018.12.27 11:08
  • 9031 Baxış
Azərbaycanda könüllü tibbi sığorta necə təşkil ediləcək?  - Qaydalar müəyyənləşdi

 


Azərbaycanda könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edəcək.


Medicina.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.


Qanun layihəsinə əsasən, könüllü tibbi sığortaolunan vətəndaşların hüquqları müəyyənləşib. Bu hüquqlara aşağıdakılar daxildir:


- könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu qanunla və könüllü tibbi sığorta müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;


 

- könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb təchizatçısından hər hansı birini və həkimi seçmək;


- könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;


 

- könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb təchizatçısından sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;


- sığortalıya, sığortaçıya, tibb təchizatçısına qarşı, könüllü tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;


- könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.


Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir. Azərbaycandan kənarda yaşayan vətəndaşların könüllü tibbi sığortası Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.


Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığortaçı ilə bu xidmətləri göstərən tibb təchizatçısı (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşmaya əsasən müəyyən ediləcək.