Azərbaycanda son illər hamiləliyini qeysəriyyə əməliyyatı ilə sonlandıranların sayı xeyli artıb. Bunu son illərin statistik göstəriciləri təsdiqləyir.
Rəqəmlərə görə, təkcə ötən il 47 760 qadın övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
2011-ci ildə 175 175 doğuşun yalnız 25 960-ı qeysəriyyə kəsiyi əməliyyatı ilə edilib. 2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-ü, 2013-cü ildə 171 508 doğuşun 28 954-ü, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942-si, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə isə 142 710 doğuşun 47 760-ı qeysəriyyə əməliyyatı ilə olub.
Belə ki, 2005-ci ildən sonrakı müddət ərzində Azərbaycanda ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə də qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ötən ilki qədər olmayıb.
Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.
Xüsusən də, son 4 il ərzində qeysəriyyə əməliyyatlarının sayında daha çox artım müşahidə edilir. Say təxminən 30 mindən 47 minə yüksəlib.
Medicina.az Publika.az-a istinadən bu problemi araşdıran materalı təqdim edir.
Buna səbəb nədir?
Tibbi göstəriş əsasında aparılmalı olan qeysəriyyə əməliyyatlarının sayının artmasını bir neçə səbəblə izah etmək olar. Səbəblərin hansının real olmasını birlikdə aydınlaşdırmağa çalışaq.
Səhiyyə Nazirliyi Kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol” təsdiq edilib. Bu klinik protokolda qeysəriyyə kəsiyi əməliyyatına göstərişlər dəqiqliyi ilə göstərilib.
Göstərişlər 5 əsas qrupa bölünür. I qrupa anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması halları aiddir ki, bu göstərişlərlə əməliyyatlar 44,2% təşkil edir. İkinci qrupa doğuşa mane olan səbəblərin olması (14,9%) aiddir. Üçüncü qrupa dölün çanaq gəlişi ( 11,6%), dördüncü qrupa dölün distressi (18,2%) və beşinci qrupa – digər səbəblər, məsələn, cift pozuntuları, çoxdöllü hamiləliklər, dölün xəstəlikləri, İİV infeksiyası, anamnezində uzun müddətli sonsuzluq olan, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklər aiddir.
Lakin son 4 ildə qeysəriyyə əməliyyatlarının sayının 47 minə yüksəlməsini sadaladığımız məqamlarla birbaşa əlaqələndirmək ağlabatan deyil. Birdən-birə belə problemli qadınların sayının sürətlə artması inandırıcı görünmür. Təbii ki, bu halları qeysəriyyə əməliyyatlarının səbəbləri sırasından çıxara bilmərik.
Həkim marağı...
Növbəti ağla gələn səbəb bu işdə həkim marağıdır. Xüsusən də, özəl klinikalara müraciət edənlərin hamiləliyi qeysəriyyə əməliyyatı ilə sonlandırılması halları çoxdur. Bu da normal doğuşla əməliyyat xərcləri arasında olan qiymət fərqi ilə izah edilir. Son illərdə ölkəmizdə özəl klinikaların sayı artır və bu klinikalara maraq kifayət qədərdir. Yalnız xəstələrin şikayəti əsasında Səhiyyə Nazirliyi bu klinikalarda araşdırma aparır. Yəni, özəl klinikada həkimin qadını qeysəriyyə əməliyyatına yönləndirməsidən o, şikayət etmədikcə Səhiyyə Nazirliyi və digər qurumlar xəbərdar olmur.
Amma görünən odur ki, qadınlar özləri də uşaqlarını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməkdə maraqlıdır. Son illər təkcə Azərbaycanda deyil, dünyada normal doğuşun çətinlikləri ilə bağlı yayılan fikirlər, doğuş zamanı ana ölümləri, hətta filmlərdə doğuş səhnələrinin dəhşətli təsviri də hamilələri qeysəriyyə əməliyyatına yönləndirir.
Böyük risklər
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova hesab edir ki, qeysəriyyə əməliyyatlarının sayının artması hamilələrin vəziyyəti və göstəricilərin genişlənməsi ilə əlaqədardır.
"Qeysəriyyə kəsiyinin icrasına aid klinik protokol var. 2013-cü ildə təsdiqlənən protokolda qeysəriyyə əməliyyatının icrası üçün tələblər artıb. Sağrı gəlişi, uşaqlıq üzərindəki əlavə çapıq, QİÇS, siflis xəstələri, klinik uyğunsuzluq qeysəriyyə əməliyyatı üçün əsasdır.
Son 7 il ərzində yardımçı reproduktiv texnologiyalardan istifadə ekstrakorporal mayalanmalar artıb və bu əməliyyatlar qeysəriyyə əməliyyatına göstərişdir. 2009-2010-cu ilə qədər ölkəmizdə bu cür mayalanma geniş formada icra edilmədiyindən bu qeysəriyyə göstərişləri sırasına daxil deyildi. Son illərdə bu cür mayalanma özəl klinikalarda çox icra edilir. Bu uzun illər valideyn olmaq üçün mübarizə aparanlara imkan yaradır, onlar həm də bu prosesin sağ-salamat yekunlaşması üçün qeysəriyyə əməliyyatı seçirlər. Təkcə bizdə deyil, xarici ölkələrdə də bu cür mayalanma qeysəriyyə əməliyyatı ilə nəticələnir.
Bundan başqa bir neçə il əvvəl qeysəriyyə əməliyyatı olanlar ikinci, üçüncü dəfə uşaq dünyaya gətirəndə bu üsulu seçmək məcburiyyətində olur. Bu da qeysəriyyə əməliyyatlarının sayının ildən-ilə artmasına təsir edən amildir. Onu da vurğulayım ki, bəzi özəl klinikalar qeysəriyyə çapığına baxmayaraq, növbəti hamiləliyin təbii doğuşla baş tutmasına çalışır. Lakin bu, özlüyündə böyük risklər daşıyır. Bunun üçün həm xəstəxananın yüksək imkanları, həm də bu prosesi icra edənlərin yüksək profesionallığı lazımdır. Çünki təbii doğuş zamanı qəfildən vəziyyət dəyişə, əməliyyata ehtiyac duyula bilər”.
Baş mama-ginekoloq özəl klinikaların qeysəriyyə marağına toxunub.
"Bütün dövlət müəssisələrində Səhiyyə Nazirliyi tərəfindən qeysəriyyə kəsiyi əməliyyatlarının icrasına dair komissiyalar yaradılır. Hər həftə dövlət müəssisələri doğumlar, qeysəriyyə əməliyyatlarının sayı barədə nazirliyə məlumat verir, hər bir qeysəriyyə kəsiyinin icrası səbəbi izah edilir. Dövlət müəssisəsində hamilə qadın və ya həkimin arzusu ilə, göstəriş olmada qeysəriyyə kəsiyi əməliyyatı icra edilə bilməz.
Amma özəl klinikalarda bu cür nəzarət yoxdur. Ona görə də, onlar heç bir əsaslandırma aparmadan qeysəriyyə əməliyyatı icra edə bilir. Bəzi klinikalarda gün ərzində 10-dan çox qadın uşaq dünyaya gətirir və onların hamısı qeysəriyyə kəsiyi ilə icra edilir. Bu əməliyyatların hamısının tibbi göstəriş əsasında icra edilməsi inandırıcı deyil. Dövlət xəstəxanasında gün ərzində ən çox 2-3 qeysəriyyə əməliyyatı icra edilir”.
80 faizə qədər qeysəriyyə əməliyyatına üstünlük verir
Millət vəkili Musa Quliyev bildirib ki, istər özəl, istərsə də dövlət xəstəxanaları Səhiyyə Nazirliyinin müəyyən etdiyi kliniki protokollar əsasında fəaliyyət göstərməlidir.
"Təəssüf ki, bu protokolların hamısı tam hazır deyil, lakin ölkənin qanunvericiliyi eyni qüvvəyə malikdir. Müvafiq qanunlarda, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da qeysəriyyə əməliyyatının məhdudlaşdırılması üçün müəyyən müddəalar var. Lakin bu gün qeysəriyyə əməliyyatının sayının artması ilə bağlı rəqəmlər onların effektsiz olduğunu göstərir. Buna görə də, əsas diqqəti maarifləndirməyə yönəltməliyik.
Araşdırmalar göstərir ki, klinikaya doğuş üçün müraciət edən qadınların 80 faizə qədəri qeysəriyyə əməliyyatına üstünlük verir, çox zaman da qadın və onun ailəsi həkimi doğuşu qeysəriyyə ilə həyata keçirməyə məcbur edir. Qeysəriyyə əməliyyatının qiymətinin də təbii doğuşla müqayisədə baha olması, bəzi klinikaları bu işə sövq edir”.
Millət vəkili hesab edir ki, qeysəriyyə əməliyyatlarının sayını azaltmaq üçün bütün mümkün üsullardan istifadə edilməlidir. O, bu sayın minimuma endirilməsi üçün bəzi təkliflər irəli sürüb:
"İlk növbədə qadınlar və ailə ilə hamiləlik başlanan vaxtdan maarifləndirmə işi aparılmalıdır. Hamilələr qadın məsləhətxanalarında qeydiyyatda olmalıdır. Onlara tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməyin qadının sağlamlığı üçün də zərərli olması izah edilməlidir. Bu həm də növbəti hamiləliyin qeysəriyyə ilə başa çatması riskini artırır. Eləcə də, bu əməliyyat bütün digər əməliyyatlar kimi risklərə malikdir, ana və uşaq ölümünə səbəb ola bilər. Hər bir qeysəriyyə əməliyyatı protokol əsasında həyata keçirilməlidir. Bu əməliyyat barədə qərar qəbul edilməmiş Səhiyyə Nazirliyinə müraciət edilsə, daha yaxşı olar. Düzdür, bu məsələ qanunvericilikdə müəyyən edilməyib, lakin Nazirlər Kabineti və ya Səhiyyə Nazirliyinin təlimatı ilə bunu həyata keçirmək olar. İnzibati qaydada da bu işlərin araşdırılmasına ehtiyac var. Ana ölümlərinin çoxu qeysəriyyə əməliyyatından sonra baş verir. Lakin bu məsələdə iqtisadi rıçaqlardan istifadə etmək olar. Özəl klinikalar qiyməti özü müəyyən etsə də, qeysəriyyə və doğuş xərclərinə qiymət müəyyən etmək olar. Məsələn, təbii doğuşun qiyməti qeysəriyyədən yüksək olsa, həkimlər ona maraq göstərməyəcək”.
Qeysəriyyədə risklər
- Sonda təbii doğuş və qeysəriyyə əməliyyatlarının yarada biləcəyi fəsadlarla bağlı qısa xatırlatma edək.
-
- Təbii doğuşdan sonra ananın sağalma müddəti daha sürətli baş verir, nəinki qeysəriyyə əməliyyatından sonra.
-
- Təbii doğuş zamanı uşağın nəfəs darlığı problemlərinin yaranması riski azalır, çünki uşağın ağ ciyərlərindəki maye əzələ gərilməsi səbəbindən sıxılır. Uşağın orqanları təhlükəsizlikdə olacaq, həmçinin ananın doğum kanalı vasitəsilə ötürülən sağlam bakteriyalar sayəsində onun immun sistemi əla fəaliyyətdə işləyəcək.
-
- Qeysəriyyə əməliyyatı zamanı infeksiya, ölüm və qan itkisi riski artır. Ananın bərpa dövrü daha uzun çəkir, çünki cərrahiyyədən sonra anaya terapiya lazım olur.
-
- Qeysəriyyə əməliyyatı zamanı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranma riski artır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və ananın yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etməsində çətinliklər yaradır.
-
- Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, təbii yolla doğuşla müqayisədə qeysəriyyə əməliyyatı maddi baxımdan daha çox xərc tələb edir.