Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda “Kinder”lər satışdan yığışdırılır - AQTA-dan açıqlama

  • 2022.04.28 17:39
  • 4106 Baxış
Azərbaycanda “Kinder”lər satışdan yığışdırılır   - AQTA-dan açıqlama
Belçika istehsalı olan “Kinder” məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.


Medicina.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, İtaliyanın “Ferrero” şirkətinin yenilənmiş məlumatına əsasən, şirkətin Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında (Kinder Mini Eggs 75 qram, Kinder Egg Hunt Kit 150 qram, Kinder Surprise 100 qram, Kinder Schokobons 200 qram, Kinder Surprise 20 qram, Kinder Surprise 20 qram *3) salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu müəyyənləşdirilib. Eyni zamanda Agentliyə RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı yeni bildiriş daxil olub.

AQTA tərəfindən qeyd olunan məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb və hazırda bu proses davam etdirilir.

Qeyd edilib ki, bu günədək ümumilikdə 198,3 kiloqram məhsulun dövriyyədən çıxarılması təmin olunub. Agentlik istehlakçıları Belçikada istehsal edilən həmin məhsulları istehlak etməməyə çağırır və qeyd olunan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edib.

AQTA bəyan edib ki, bu tədbirlər yalnız Belçikada istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan məhsullara aid deyil.