Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi şəxslərə üçüncü dozanın vurula biləcəyini açıqlayıb.
O bildirib ki, həmin şəxslərdə hər iki doza vurulusa da, orqanizmdə anticisim yaranmayıb:
"Heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir. Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır".
Maraqlıdır, hər iki doza vurulursa, hansı hallarda və hansı şəxslərdə anticisimlər yaranmır? 3-cü dozanın nə kimi əks təsirləri ola bilər?
Bununla bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Aydın Əliyev bildirib ki, bu yalnız genetik məsələlərlə əlaqəli olacaq haldır:
"Nadir hallarda belə faktlarla rast gəlinə bilər. Bu genetik məsələlərlə əlaqəli haldır. Vurulan peyvənd həmin şəxsin orqanizmində lazım olan müvafiq çevrilmələrə səbəb ola bilmir. Nəticədə şəxsdə virusa qarşı anticisim formalaşmır. Prinsipcə, insanların belə təcrübə variantına düşməyinin tərəfdarı deyiləm.
Amma bir məsələ də var ki, ola bilsin, şəxsdə başqa peyvənddən istifadə etmək mümkün olsun. Yəni şəxsin orqanizmi bir peyvəndə uyğun gəlməsin, amma başqa peyvəndə uyğunlaşsın. Belə hallarda 3-cü doza tətbiq edilə bilər.
Əgər iki dozadan sonra 3-cü doza vurulursa, cürbəcür reaksiyaların olma ehtimalı sözsüz ki, var. Belə vəziyyətlərdə ən sadə reaksiya isə elə allergik reaksiyadır.
Bədən 3-cü dozanı qəbul etmir, yüksək həsssaslıq göstərir və allergik reaksiyalarla özünü biruzə verir".