"Radiasiya ilə işləyənlər qalxanabənzər vəzi xəstəliklərinə daha tez tutula bilərlər. Faktdır ki, Çernobıl hadisəsindən sonra Ukrayna və Belarusda zobdan əziyyət çəkənlərin sayı xeyli artdı".
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, əvvəllər yod çatışmazlığı səbəbindən müəyyən regionların əhalisində endemik zob geniş yayılmışdı:
"Hazırda isə Azərbaycanda endemik zoba, demək olar ki, rast gəlinmir. Çünki ölkənin hər yerində yodlaşdırılmış duzdan istifadə olunur. Yəni, duzların tərkibinə 95-98 faiz hallarda yod əlavə edilir. Lakin tarixən endemik zobun yayıldığı bir sıra bölgələrdə - Şəki, Qax, Şamaxı kimi rayonlarda bu xəstəliyə qarşı genetik meyillilik müşahidə olunur. Belə olan halda, zob xəstələri digərləri ilə müqayisədə həmin regionlarda daha çox olur".
"Revmatizm və allergik xəstəliklər də qalxanabənzər vəziyə mənfi təsir göstərir. Diqqət etsək görərik ki, zob xəstələrində, adətən, həm revmatizm, həm də allergiya olur. İmmunitetdə dəyişiklik olduğuna görə, bədən öz hüceyrələrinə qarşı anticisimlər ifraz etməyə başlayır. Anticisimlərin ifrazı isə trioidlərə təsir göstərir və nəticədə, xəstəlik baş qaldırır", - deyə baş endokrinoloq vurğulayıb.