“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib.
Medicina.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin qaydaların 4.6-cı bəndi ləğv edilir.
4.6-cı bəndə görə, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.
Eyni zamanda qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir.