Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda işbazlar gec tapılan dərmanların qiymətini qaldırır - Tanınmış həkim

  • 2022.04.14 14:43
  • 2465 Baxış
Azərbaycanda işbazlar gec tapılan dərmanların qiymətini qaldırır   - Tanınmış həkim

Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində kəskin artım müşahidə olunur. Bəzi hallarda isə axtardığımız dərmanları tapa bilmirik.

Problem nədir, necə mübarizə aparılmalıdır?

Məsələ ilə bağlı “Ankara” klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov Bakupost.az -a açıqlama verib.

Baş həkim bildirib ki, süni qiymət artımları ilə bağlı ölçü götürülməlidir:

“Bahalaşma hər sahədə müşahidə olunur. Təbii ki, buna təsir edən faktor kimi Rusiya-Ukrayna müharibəsini, qardaş Türkiyədə gedən devalvasiya prosesinin zaman-zaman artıb-azalmasını, gömrük qiymətlərinin təsirini də göstərmək olar. Bütün bunlara baxmayaraq dərman preparatlarının daxil olan qiymətdən müəyyən faiz miqdarında baha satılmasına icazə var. Yəqin ki, dərmanların qiymətində süni artımla bağlı ölçü götürülər. Çünki eyni dərmanlar müxtəlif yerlərdə fərqli qiymətlərə satıla bilməz”.

Baş həkim qeyd edib ki, təlimata əsasən, dərmanlar maya dəyərindən 20%-dən baha satıla bilməz:

“Şəhərin bir aptekində daha baha olan dərman digər aptekdə bir qədər ucuz olur. İşbazlar, xüsusən, tapılmayan və yaxud daha gec tapılan dərman preparatları ilə bağlı situasiyanı gərginləşdirmək üçün bu kimi addımlar atırlar. Ancaq nəzarət mexanizmi də mövcuddur. Yəqin ki, bu, hər aptekdə baş vermir. Aidiyyəti qurumlar nəzarəti gücləndirsələr, yaxşı olar. Bunun tənzimlənməsi üçün kifayət qədər qanuni baza, təlimatların olduğunu düşünürəm”.

Z.Yusifov bildirib ki, müəyyən dərmanların daxili istehsalına ehtiyac var:

“Bunun üçün böyük elmi və texniki baza lazımdır. Artıq müəyyən dərmanlar istehsal olunur. Amma bu işin daha da genişlənməsi üçün zamana ehtiyac var. O istiqamətdə tədbirlər planı var. İstər qonşu, istər Avropanın bəzi ölkələri ilə əməkdaşlıq artırılıb. Lakin dərmanların istehsal olaraq bazarın tələbi səviyyəsinə çatması o qədər asan məsələ deyil. Digər tərəfdən, bir o qədər böyük olmayan ölkəmiz üçün bütün dərmanları istehsal etmək də doğru deyil. Çünki o dərmanlara olan tələbat müxtəlifdir. Əgər biz bunu ixrac edəcək ölkələr tapmasaq, o zaman bu istehsala ayrılmış vəsait özünü doğrultmayacaq. Ona görə də əhalinin gündəlik ehtiyacına çevrilən dərmanların istehsalı haqda fikirləşməyə dəyər. Digərlərini isə idxal etməkdə fayda var”.


Fəridə
Baku Post