Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Fibromialgiya" mövzusunda seminar keçirilib.
"Medicina" xəbər verir ki, revmatologiya şöbəsinin rezidenti Nuranə Sadıqlı mövzu üzrə məruzə ilə çıxış edib. Həkim bildirib ki, fibromialgiya yayılmış sümük əzələ ağrıları, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xronik ağrı sindomudur.
O, xəstəliyin əsas simptomlarından da danışıb. Qeyd edib ki, bunlar yayılmış ağrılar (fibromialgiya zamanı rast gəlinən ağrılar heç olmasa üç ay davam edən və küt ağrılar şəklindədir), yorğunluq (ibromialgiyalı xəstələr uzun müddət davam edən və xüsusən yuxudan duran zaman olan yorğunluq hissindən şikayət edirlər) və koqnitiv pozuntulardır.
N.Sadıqlı fibromialgiyanın digər əlamətlərinin də ola biləcəyini vurğulayıb.
Nuranə Sadıqlının sözlərinə görə, bunlar əsasən qıcıqlanmış bağırsaq sindromu, xronik yorğunluq sindromu, miqren və başqa tipli baş ağrıları, ağrılı sidik kisəsi sindromu və ya interstsial sistit, gicgah-çənə oynağında ağrı, narahatlıq, depressiya, taxikardiya kimi əlamətlərdir.
1990-cı ildə ACR (Amerika Revmatoloqlar Kollegiyası) tərəfindən hazırlanmış kriteriyalara görə üç aydan artıq davam edən sümük-əzələ ağrıları və bədənin 18 xüsusi nöqtəsindən 11-də ağrı müşahidə olunardısa, bu zaman fibromialgiya diaqnozu qoyulduğunu deyən həkim bu kriteriyanın hazırda demək olar ki, istifadə olunmadığını diqqətə çatdırıb. Məruzəçinin sözlərinə görə, 2010 cu ildə ACR yeni kriteriyalar hazırlayıb ki, bu kriteriyalarda ağrılı nöqtələtin palpasiyasına ehtiyac yoxdur. Diaqnoz somatik-ağrı, psixoloji-depressiya, koqnitiv-yaddaşın pozulması kimi əlamətlərin olmasına əsasən qoyulur.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, N.Sadıqlı iştirakçıların suallarını cavablandırıb.