Azərbaycanda ilk dəfə "Toyuq korluğu" xəstəliyinin qarşısını alan əməliyyat icra olundu
El arasında "Toyuq korluğu", tibbdə isə elmi adı - piqmentli retinit və torlu qişanın tapetoretinal abiotrofiyası kimi tanınan xəstəliyin qarşısını alan və ölkədə bu sahədə ilk sayıla biləcək əməliyyat icra olunub.
"Medicina" xəbər verir ki, oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Nərminə Hacıyeva toyuq korluğundan əziyyət çəkən pasiyentin gözündə kök hüceyrələrin göz daxilinə cərrahi implantasiyasını uğurla reallaşdıraraq bir ilkə imza atıb.
Nərminə Hacıyevanın sözlərinə görə, ümumi narkoz altında 30 dəqiqə ərzində aparılan əməliyyat tam təhlükəsiz şəraitdə keçib: “Pasiyentin gözündə heç bir iz qalmadan icra olunur. Bu əməliyyatla geridönməz korluğun qarşısı alınır. Geridönməz korluq yaranarsa, görməni heç bir müalicə və əməliyyatla qaytarmaq mümkün olmur”.
“Toyuq korluğu” daha çox qohum nikahlarından doğulan uşaqlarda rast gəlinən genetik xəstəlikdir. Bu, göz xəstəlikləri arasında ən təhlükəli və geridönməz korluqla nəticələnə bilir. Hazırda bunun yeganə müalicəsi - kök hüceyrələrin göz daxilinə cərrahi implantasiyasıdır.
Aygün