Azərbaycanda ilk dəfə olaraq fəaliyyətini akademik müstəvidə də davam etdirməyi missiya kimi seçən "Caspian International hospital”ın keçirdiyi "Ginekologiyada laparoskopik cərrahiyyə kursu” bu gün öz işinə başlayıb.
Medicina.az xəbər verir ki, "Caspian International hospital”ın mətbuat xidmətindən azərtac-a verilən məlumata görə, iki gün davam edəcək kurs nəzəri və praktiki-icralı canlı olmaqla ölkəmizdə ilk dəfədir ki, keçirilir.
Kursun ilk günü iştirakçılar mövzuya dair nəzəri mühazirələr dinləyəcək, həmçinin konfrans salonunda "Karl Storz” firmasının quraşdırdığı treninq alət və cihazlarda tikiş və digər praktiki vərdişləri şəxsən özləri icra etməklə öyrənəcəklər.
Kursun ikinci günündə isə iştirakçılar əməliyyatxanada quraşdırılmış xüsusi kameralar və səs sistemləri vasitəsilə konfrans salonuna translyasiya edilən əməliyyatların gedişatını monitorda canlı olaraq izləyəcək, eyni zamanda, interaktiv formada əməliyyatları icra edən həkimlərə suallar verə biləcəklər.
Kursun moderatorları, qadın xəstəlikləri və doğuş uzmanı, ginekologiya-onkologiya cərrahiyyəsi üst ixtisas uzmanı, üst səviyyəli ginekologiya endoskopiya cərrahiyyəsi uzmanı, Türkiyə Cümhuriyyəti "Etlik Zübeyde Hanım Kadın Hastalıkları Eğitim ve Araştırma Hastanesi”nin əməkdaşı Gökhan Boyraz, "Caspian International Hospital”ın direktoru tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq İlham Qafarov, mama-ginekoloqlar Əkbər İbrahimov və tibb üzrə fəlsəfə doktoru Vəfa Hüseynzadədir.
Kurs öz işini sertifikatların təqdimatı ilə yekunlaşdıracaqdır.