Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Səbinə Məşədiyeva deyib.
Şəkərli diabet tip 1 xəstəliyinin inkişafı üçün əsas risk faktorlarından biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Şəkərli diabet tip 1 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sistemin zəifliyi, stres vəziyyətlər ola bilər.
Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər.
Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur.
Qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır. Bu müalicənin artıq 60-70 % təşkil edir. Qalan hissə isə şəkərsalıcı dərmanların və yaxud insulin preparatlarının üzərinə düşür. Dərman qrupu hər bir xəstəyə görə individual seçilməlidir. Həmçinin qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin böyük rolu var. Tövsiyə olunur ki, şəkərli diabet xəstələri gün ərzində 7-8 km piyada gəzsinlər.
Eyni zamanda, həkim tərəfindən təyin olunan preparatlar vaxtında və təlimata uyğun olaraq qəbul edilməlidir. Özbaşına dərman qəbulunu dayandırmaq, dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz. Bu, insulin müalicəsi alan xəstələrə də aiddir.
Şəkərli diabet xəstələri tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər".
Aygün Musayeva