Dünyada pandemiyadan sonra psixi xəstəliklərin sayı artıb. ÜST pandemiyasonrası depressiya və panik atakların artacağını proqnozlaşdırır.
Əvvəllər panik atakın nə olduğunu bilməyənlər indi bu qorxulu halı keçirir.
Bir çox insanlar panik atakdan müalicə aldığını deyir. Nevroloqlar, psixoloqlar pasiyentlərin 90%-nə bu diaqnozu qoyur. Bir çoxları panik atakı ölümü diri-diri görmək adlandırır.
Lakin heç də hər panik atak diaqnozu özünü doğrultmur. Panik atak bəzən başqa sindromlarla səhv salınır.
Panik atak, təşviş pozuntusunun müalicə həkimi psixiatrlar olduğu üçün panik atak barədə də düzgün məlumatı psixiatr həkimdən aldıq.
Psixiatr Abdulla Şıxlinski Bakupost.az -a müsahibəsində çox insanların yanlış olaraq panik atak xəstəsi kimi diaqnoz olunduğunu açıqladı.
Həkim panik atakın tamam başqa əlamətləri olduğunu dedi.
- Həkim, bu gün dəbdə olan panik atak niyə bu qədər yayılıb? Bu, bir xəstəlikdirmi? Ciddi, yoxsa yüngül haldır? Belə bir xəstəlik həqiqətənmi mövcuddur?
- Birincisi, onu qeyd edək ki, panik ataka azərbaycanca “təşviş həmləsi” deyilir. Panik atak ingiliscədəndir. “Panik” “həyəcan”, “təlaş”, “atak” “hücum”, “həmlə” deməkdir. Təlaş həmlələri deyilən vəziyyət hansısa ciddi psixi xəstəliyin əlamətidir, xəstəlik deyil, ayrıca bir sindromdur. Onu ayrıca xəstəlik, diaqnoz kimi camaata təqdim edib, ucdantutma hər kəsi müalicə etmək səhvdir.
Əvvəla, təlaş həmləsinin əlamətlərini dəqiq bilmək lazımdır.
Bizdə insanlarda daha çox genişlənmiş həyəcan sindromuna, 99% hallarda generilizə olunmuş həyəcan sindromuna rast gəlinir. Bunu da bəzi təcrübəsiz həkimlər, xüsusən, psixoloqlar təşviş hücumu ilə səhv salır. Genişlənmiş həyəcan sindromu tutması istənilən normal və ya psixi sarsıntı keçirmiş insanda ola bilər.
Yəni insan əlverişsiz şəraitə düşüb, yaxın adamını itirib, stres situasiyasındadır, işdə, evdə problemi var, qorxur, kimsə onu alçaldıb, hansısa hadisə ona pis təsir edib. İnsan sıxışdırılır, təzyiq altındadır, borcu var - belə vəziyyətlərdə genişlənmiş həyəcan sindromu baş verir.
Genişlənmiş təşviş pozuntusunda adətən belə olur ki, insanın həyatında sarsıntı baş verib, gecə yatır, birdən gecəyarı oyanır, ürəyi bərk döyünür, narahat olur, sanki nəsə olacaqmış kimi vurnuxur, otaqda var-gəl edir. Bir qədər hava çatışmazlığı olur, özünü çox pis hiss edir, “Korvalol”, “Valerian” içir, özünə gəlir, yenidən yatır.
Bu problemdə də mütəxəssisə müraciət edir, həkim də ona bəzi dərmanlar təyin edir, 3-6 ay müalicə alır, bu sindrom keçib gedir. Bu təlaş həmləsi kimi qorxulu, dəhşətli bir şey deyil.
Əsl panik atak isə o adamlarda olur ki, onlarda genetik olaraq ciddi ruhi xəstəliklər geni var: məsələn, şizofreniya.
Biz təlaş həmləsini görəndə dərinlikdə əsl xəstəliyi - şizofreniya, maniakal depressiyanı, reaktiv psixozu axtarmalıyıq, və ya xroniki alkoqolizm, narkomaniya axtarmalıyıq.
- Hər gəlib “nəfəsim çatmadı”, “ürəyim döyündü”, “pisəm”, “depressiyadayam” deyən xəstənin danışığı, sözləri ilə xəstəyə necə təşviş həmləsi diaqnozu qoyurlar?
- Mən o həkimlərə sual verirəm: onlar haradan gördü xəstənin nə keçirdiyini?
- Bəs, əsl təlaş həmləsinin əlamətləri hansılardır?
- Bu sindrom paroksizmal inkişaf edir, yəni tutmaşəkilli yüksəlir. Heç bir xarici səbəb olmadan baş verir, onun başlanması və sona çatması anı məlum olmur. Qəfildən başlayır, qəfildən də də sönür.
Nə qədər çəkəcəyi də məlum deyil.
Əlamətlərini sadalayıram:
-Qəfildən, beynində sanki işıq yanıb sönür, qapanma kimi hiss edir. Bu hal epileptik tutmaya da çox bənzəyir. Təlaş həmləsi faktiki olaraq tibdə epilepsiya reyestrində olan xəstəlikdir.
İnsan başında sanki qığılcımlanma hiss edir.
-Xəstə qəfildən səbəbi məlum olmayan ölüm qorxusu hiss edir. Ölüm qorxusuna tanatofobiya deyilir. Bütün şüuru əhatə edir, xəstə tam əmindir ki, bu dəqiqə öləcək. Xəstə öz bədənini, ətrafda baş verən hadisələri adekvat dərk eləmir. Tənqidi münasibəti itir, huşu alayarımçıq olur. Heç kim ətrafda ona ölməyəcəyini sübut edə bilməz. Əksinə, bir adam sakitləşdirməyə çalışsa, daha da psixoz artır və xəstə ordan qaçmaq istəyir.
-3-cü əlamət ölüm qorxusunun ardı ilə məntiqi olaraq hava çatışmazlığıdır. Xəstə ağciyərlərinin tutulub sıxıldığını deyir, sanki kimsə onu boğur, havası çatmır. Bəzən yuxarı mərtəbədə olanda xəstə pəncərəni açıb balkona çıxıb özünü atmaq dərəcəsinə gəlir, çünki elə bilir ki, havaya atılsa, boğulmaz. Pəncərədən, qapıdan özünü bayıra atmaq istəyir. Bu, adi hava çatışmazlığı hissiyatı deyil, bu, psixi havasızlıqdır. İnsana elə gəlir ki, bu dəqiqə boğulacaq.
-Xəstə sayıqlayır. Bu hissiyatla ürək döyünmələrinin sayı o dərəcədə artır ki, xəstə ürəyinin dayandığını hiss edir. Paroksizmal taxikardiya baş verir, nəbz 200-ə çatır. Bu vəziyyətlər bir-birini əvəzləyir, gücləndirir. Paroksizmal taxikardiyada insan artıq idarəolunmaz vəziyyətə gəlir. Kəskin oyanıqlıq psixomotor oyanıqlıq baş verir, xəstə kömək üçün qışqırır, “ölürəm” deyib özünü ora-bura vurur. Həmin anda xəstə özü, ətrafdakılar, ailəsi üçün təhlükəlidir. İnsan özünə fiziki zərər verə bilər, özünü aşağı ata bilər.
Psixiatriya haqqında qanuna görə, xəstə bu hallarda məcburi hospitəlizə olunmalıdır: xəstə özü və ətarfdakılar üçün təhlükə daşıdığı üçün.
Təşviş həmləsində olan insanın dediyi sözlərə fikir verin: mənim ürəyimi, ciyərimi sıxırlar, havam çatmır, ölürəm, öldüm, buraxın. Belə vəziyyətdə insan çox təhlükəli ola bilər, qarşısına çıxıb onu sakitləşdirmək, pəncərəyə getməsinin qarşısını almaq istəyəni də itələyib yıxa bilər. Təşviş həmləsi xəstəni çox sakit halında, hətta deyib-gülən vaxtında, məsələn, toyda, gəzintidə, şad bir məclisdə tuta bilir. Heç kim onu əsəbiləşdirməyib, bir anda beyindən qığılcım hissi alovlanır.
- Nəhayət, xəstə həmin vəziyyədə olanda tez-tez sidiyə getmək istəyir. Təlaş həmləsinin yaratdığı psixiatrik vəziyyət vegetativ sinir sistemini oyadır, bütün sinir sistemi fövqəladə rejimdə işləyir, bu zaman böyrəklər də sidik siqnalı göndərir. Poliuriya baş verir.
Bu əlamətlərin çoxunu geç çağırılan təcili yardım həkimləri də görmür. Adətən, təcili yardımın gəldiyini görəndə xəstə sakitləşir.
Əgər təcili yardım yubanmadan gələrsə, həmlə vaxtına düşə bilər. Onda mütəxəssis tez qərar verir ki, bu, psixomotor oyanmadır, o an güclü sakitləşdirici iynə vurulur, xəstənin tutub saxlanılması üçün tədbirlər görür.
Təlaş həmləsi, ola bilər ki, öz-özünə keçsin. Gördüyünüz kimi, epileptik tutma kimi öz-özünə tutur və buraxır. Elə olur, bitmir, uzun çəkir, bu zaman venadaxili psixotrop dərman preparatı yeridilir.
Çox zaman ağxalatlı həkim görəndə xəstənin vəziyyəti düzəlir. Bu, psixoloji təsirdir. Artıq həkimin gəldiyini görəndə ölüm qorxusu azalır, həkim xəstə ilə bir qədər söhbət edir, başını qatır, həmlə çəkilib gedir.
Bu təsvir etdiyim şey kəskin paroksizmal psixiatrik vəziyyətin inkişafı mexanizmidir. Bu, hamının dilində əzbər olan əsl panik atakdır. Hər gəlib “nəfəsim çatmadı”, “ürəyim döyündü”, “pisəm”, “depressiyadayam” deyən xəstənin danışığı, sözləri ilə xəstəyə necə təşviş həmləsi diaqnozu qoyurlar? Mən o həkimlərə sual verirəm: onlar haradan gördü xəstənin nə keçirdiyini?
İnsanları qorxutmağa nə lüzum var?
Xəstədə həmin gün əsl təlaş həmləsi olsaydı, o, sakitcə öz ayağı ilə sənin yanına gəlib çıxa bilməzdi. O, çoxdan ya iynə vurulub evdə halsız uzanmışdı, ya da psixiatrik xəstəxanada idi.
Təlaş həmləsindən sonra xəstə çox əzgin, gücsüz olur, heç nə edə bilmir, tutmadan sonra xəstə uzun müddət yatır. Yuxu gəlir.
Təlaş həmləsi epilepsiya mexanizmi ilə inkişaf edən paroksizmal psixiatrik psixoz vəziyyətidir. Bunu digər hallarla qarışıq salmaq olmaz. Şizofreniya, maniakal depressiv xəstəlikləri yeni başlayanda təlaş həmləsi ilə özünü göstərə bilər.
Bu məsələlər nevropatoloqluq, psixoloqluq vəziyyət deyil. Onlar vaxtında diaqnozu qoya bilmir, ciddiyəti nəzərə almır, xəstə səhv müalicə alır, xəstəliyi daha da kəskinləşir. Əhəmiyyət vermirlər, şizofreniya inkişaf edir.
Bu ikisinin bir fərqi də var ki, genişlənmiş həyəcan sindromu nevrotik reyestrdə olan vəziyyətdir. Təlaş həmləsi isə psixiatrik xəstəliklər reyestrindədir.
Nevroz özü də ruhi pozulmadır. Amnma nevroz zamanı insanın ətraf mühitə qarşı adekvat reaksiyası itmir, özünütənqid, özünü kənardan müşahidə hissi qalır, insan realdır, öz hərəkətlərinə nəzarət edir.
Bu şeylər psixozda olmur. Psixozda insan ev adamlarını, ailə üzvlərini dinləmir, düşmən kimi görür, heyvan şəklində görür, insan öz hərəkətlərinə cavabdeh deyil, düşünmə qabiliyyəti sönür.
O an nə baş versə, cavabdeh deyil.
Nevroz yüngül ruhi pozuntudur, buna sərhəd pozuntusu deyirik. O da müalicə olunmadıqda, reyestrdə sərhədi keçib, psixoz tərəfə keçə bilər.
- Pandemiyadan sonra bu hallarla müraciət edən xəstələr çoxalıbmı? İnsanlar bu vəziyyətdən necə çıxmalıdır? İnsan psixikasını nə təhlükələr gözləyir?
- Bu gün dünyada baş verənlər, pandemiya, ölüm, xəstəliklər, gələcəyə ümidsizlik, müharibə insanın psixikasına çox pis təsir edir.
Qondarma pandemiyanı təşkil edən qüvvələrin istəyi də o idi ki, insanların psixikasına təsir edib, onları reallıqdan ayırıb, divanə halına salsınlar.
İnsanlarda qorxudan psixopatoloji sindromlar inkişaf etsin, nevrozlar dərinləşsin, sağlam psixika qalmasın, şüurlar alaqaranlıq vəziyyətdə olsun, belə vəziyyətdə istənilən təsir altına düşsünlər. Bu gün insanların çoxunun iradi sferaları atrofiya vəziyyətindədir. Hələ də insanların canında xəstəlik, ölüm qorxusu var. Hələ də elə adam var, əllərini hara vurdu spirtləyir, adam var evin içində maskada gəzir. İnsanlar gözləyir. Nəyinsə baş verəcəyini gözləyirlər.
Xroniki psixozlar artır. Biopsixoterror davam edir. Emosional iradi sfera iflic vəziyyətə salınıb. Bundan sonra öz fikirlərini iradəsiz insanlara müti qul kimi təlqin edəcəklər. Bu, çox təhlükəli vəziyyətdir. İnsanlar çox tez-tez həkimlərə müraciət edirlər.
Qarşısı alına bilməyən, genişlənmiş həyəcan sindromu diaqnozu çoxalıb. Kimdən soruşsanız, deyəcək ki, səhərdən axşama kimi həyəcan var, təşviş var, soruşuruq, çoxu koronadan yaxınını, qonşusunu, qohumunu itirəndən sonra bu hala düşüb.
Bəzi insanlar elə düşünür ki, pandemiya heç vaxt qurtarmayacaq, bu virus həmişəlik bizimlədir, bizi yenə pis şeylər gözləyir. Gələcəkdən qorxurlar, ümid əvəzinə qorxu var.
Ən çox da yaşı 40-a qədər olan insanlar daha həssasdır. Əvvəllər psixiatriyada deyirdilər ki, qadınlar ruhi xəstəliklərə daha az meyilli olur, psixikaları daha davamlıdır. Pandemiyadan sonra məlum oldu ki, qadınlarda daha çox psixi pozğunluqlar artıb.
Bu xəstələri birmənalı olaraq psixiatr-həkim müayinə-müalicə etməlidir. Hər ikisinin dərmanları, müalicəsi ayrıdır, eyni deyil. Psixi narahatlıq olanda əvvəllər sahə həkiminə müraciət edilirdi, onlar xəstəni dinləyib dərhal psixiatra yönləndirirdilər.
Heç bir nevroloq, heç bir psixoloqun ixtiyarı yoxdur ki, genişlənmiş həyəcan həmləsi və təşviş həmləsini müalicə etsin.
Onlar vəziyyəti daha da pisləşdirir. Çünki xəstənin diaqnozunu dəqiq qoya bilmirlər.
Aygün Musayeva
BakuPost
Çox gözəl izah etmisiniz.Təşəkkürlər
Maarifləndirici məlumat gərə , təşəkkürlər .