Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evindence-Based Medicine Guidelines) - portalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Medicina.az Metbuat.az-a istinadən xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə Səhiyyə Naziliyinin İctimai Səhiyyə və Islahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev açıb. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm cəmiyyəti arasında sübutlara əsaslanan tibbi təlimatların Azərbaycan tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalandığını bildirib:
"Bu müqaviləyə əsasən, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokolun azərbaycanlı həkimlərin istifadəsinə verilməsi və onların tədricən Azərbaycan dilinə tərcüməsi həyata keçiriləcək. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər və artıq onların sırasına azərbaycanlı həkimlər də qoşulurlar".
Səhiyyə Nazirliyinin Tibbi Yardım şöbəsinin müdir müavini Nabil Seyidov çıxışında bildirib ki, dünya tibb elminin yeni məlumatlarının həcmi bu gün sürətlə artır və müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil:
"Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir".
Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova sübutlara əsaslanan tibbi təlimatlar, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə yeni portal baradə ətraflı məlumat veriblər.
Bildirilib ki, yeni portal vasitəsilə Azərbaycan tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərinə tətbiq etmək, vətəndaşlar isə öz növbəsində, hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanacaqlar.