Xəbər verdiyimiz kimi, Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurovanın ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.
Medicina.az xəbər verir ki, bu məsələ bir çox həkimləri sarsıdıb. Onlar kolleqalarının belə həbs olunmasına etiraz edərək, Sənan Mehtiyevə dəstək nümayiş etdiriblər.
“Biz qatil deyilik…” mesajı ilə ilk olaraq LOR cərrah, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli mətbuatda müraciət ünvanladı.
" Ölkədə 600-ə yaxın LOR həkim var. Sənan mübaliğəsiz içimizdə nəzəri savadı da ən yaxşı olanlardan biridir.
Əməliyyatdan bir neçə gün sonra vəfat edən bir xanım pasientin ölümündə Sənanın səhvi varmı-yoxmu, istintaq mövzusudur. Dünən saxlanılması, bu günsə məhkəmədə haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçilməsi xəbərini oxuduq.
Sənan həkimdir, xüsusi təhlükəli cinayətkar deyil. Məhkəməyə kimi azadlıqda olması istintaqdan yayınma, ya da təsir etmə imkanı verirdimi, haqqında başqa tədbir seçilə bilərdimi?
İnsanın bildiyim (tanıyanların da qeyd etdiyi) tək əksikliyi bir qədər kobud olmasıdır, vəssalam!"
Eyni dəstəyi digər həkim, kardioloq Günay Rəhimova da göstərib:
“Həkim Sənan Mehdiyevin həbsinə etiraz edirəm. Avropa qanunlarına əsasən, konvensiya üçüncü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də, 2-ci maddə ilə yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət edə bilər. Əgər yaşamaq hüququ qəsdən edilmiş əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik cinayət-hüquq vasitələrindən istifadəni tələb etmir.
Eyni zamanda, ölmüş şəxsin ailəsi mülki iddia verib, bunun həlli məqsədilə qarşı tərəfdən kompensasiyanı qəbul edirsə, o artıq qurban statusunu itirmiş olur.
Biz sizin həyatınızı xilas edənlərik, qatil deyilik!”.
Ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev də etiraz edənlərə qoşulub:
“Sənan doktorun necə professional və təcrübəli bir həkim olduğunu hamı bilir. Hər həkimin xəstəsi ağırlaşa və ya ölə bilər, heç bir həkim bunu istəməz. Minlərlə uğurlu əməliyyat edən insanı ekspertiza rəyi çıxmadan həbs etmək doğru deyil, araşdırma bitənə qədər iş fəaliyyətindən kənarlaşdırmaq məncə, daha ədalətli cəza olardı.
Həkimləri sıxan, əzən, aşağılayanlar çox, müdafiə edən qurum təəssüf ki, yoxdur. Biz qatil deyilik!”.
Uzman LOR Aydın Talışinski Sənan Mehdiyevi tanımasa da, kolleqaları ilə həmrəy olduğunu bildirib.
“Üzücüdür, lakin bütün dünyada belə risklər var. Həkimin həbsini pisləyirəm, belə bir şey yoxdur. Artıqdır”.
Qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, doktor Tacəddin Muradlı da həmkarının həbsini pisləyir:
“Onlarla “diplomsuz doktorcuklar” onlarla xəstə ölümünə səbəb olub, sosial şəbəkələrdə hoqqa verməyə davam etdiyi bir zamanda, həqiqi bir mütəxəssisin günahı varmı, yoxmu, daha şübhə altındaykən həbsə atılması professionallıq və ədalət adına çox acı bir durumdur… Heç bir həkim xəstəsinin ölümünə səbəb olmaq istəməz…”
LOR cərrah Fərid Əliyev də əməliyyata girən heç bir şəxsin bu cür hallardan sığortalanmadığını bildirir:
“Sənan doktoru tanıyanlar bilir nə dərəcədə təcrübəli və bilikli biridir. Heç bir həkim xəstəsinin barmağının belə qanamasını istəməz. Dünyanın ən inkişaf etmiş ölkələrində belə əməliyyata girən heç bir xəstə sığortalanmayıb.
Ölən gənc xanıma Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm! Acılarını başa düşürük!
COVİD pandemiyası və müharibə dönəmində həkimlərin etdiyi qəhrəmanlıqlar göz qabağında idi. İnsanların çölə çıxmağa risk etmədiyi dönəmlərdə həkimlər xəstələri müalicə edir və özlərini ölüm riski ilə üz-üzə qoyurdular. Çünki bu bizim həkimlik borcumuzdur.
Ekspertiza rəyi çıxmadan həkimi həbsə göndərməyi düzgün hesab etmirik, ən azından işindən uzaqlaşdırmaq və ya ev həbsi verilə bilərdi!”.
Stomatoloq Rövşən Məmmədov bildirib ki, Sənan həkim çox sayda insanlara uğurlu əməliyyat etmiş cərrahlardandır:
"Təbii ki, içində ağırlaşmalar da qaçılmazdır. Amma bu ölüm olmalı deyildi. Sənan doktoru da qoruyacaq heç bir qurum yoxdur. Özəldə işləyəndə yalnız belə olur?".
Həkim-otorinolarinqoloq Vüsal Qiyasov:
"Biz həkimlər həqiqətən də çox çətin və riskli bir iṣlə məṣguluq, həm də bu cəmiyyətdə...
Cəmiyyət bir şeyi anlamırki, biz ölüm mələyi ilə kontrakt baglamamışıq.
Artıq bir neçə gündürki, nisbətən ağır pasiyentləri, nə müayinəyə, nə də əməliyyata götürməyən həmkarlarıma haqq verərək, mən də onlara qoṣuluram. Belə davam edərsə, savadlı və peṣəkar həkimlər pasiyentləri seçərək müalicə edəcək.
Elə bir məsləyimiz var ki, hər an tutulub həbsə atıla bilərik. Cəmiyyətdə isə həkimə qarṣı aqressiya son həddədir. Kommentləri isə oxuyanda insan dəhṣətə gəlir. Adını belə düzgün yaza bilməyən klavyatura qəhrəmanları isə düşünmür ki, sabah ağır vəziyyətdə xəstəxanaya müraciət edən öz yaxınına, heç bir həkim qorxusundan yaxın durmayacaq!
Çox uzaga getmirəm, 2 ay öncə əməliyyat etdiyim xanım pasiyent, burun əməliyyatından sonra səbirsizliyi ucbatından, özünü gücə salması nəticəsində burun qanaması ilə gecə mənə mûraciət edəndə Allahın yardımı ilə çətinliklə vəziyyətdən çıxartmağım gözümün qarṣısına gəldi. Deməli o pasiyentimə bir ṣey olsaydı məni də həbs edəcəkdilər.
Bu günə kimi 16 illik həkimlik kariyeramda 3 ya 4 ölümnən dönən pasiyentim olub.
Sənan həkimdən özümü savadlı və ya bacarıqlı hesab etmirəm. Sadəcə anam namaz üstündə olub.
Sabah adi müayinə zamani belə, pasiyentin həyacanlanıb ürəyi dayanarsa, Məni həbsə atıb, "Vətən xaini" adı veriləcəyinə heç ṣübhə etmirəm. Çaliṣın salamat qalın!".
Uzman cərrah Niyazi Eminov:
"Vəfat edən xanıma Allahdan rəhmət diləyirəm! Yaxınlarına səbr arzulayıram! Övladına, nə deyəcəyimi bilmirəm, izahını Tanrı verər !...
Sənanla ATU-da birlikdə oxumuşuq, savadlı tələbə idi, internatura vaxtı bir çox əməliyyatları sərbəst icra edirdi artıq, yəni həm də yetənəkli idi. Həkim səhlənkarlığı olduğunu düşünmürəm, yaxın zamanda aydınlaşacaq və Sənan ən qısa zamanda işinin başına, ailəsinə dönər inşallah...
Məni başqa şey maraqlandırır. Xoşqədəm xanımın, Zaur bəyin və o qəbildən olan digərlərinin salaş, saçma-sapan proqramlarına ciddi pullar xərcləyib özünü yazıq, mağmın rayon, kənd camaatına reklam edib, saçma-sapan "müalicələr" tətbiq edərək külli miqdarlarda "haram" pullar qazanan "maşennik" "həkim"lər (çox az qismi normal həkimlərdir, hamısına şamil etmirəm) niyə məsuliyyətə cəlb olunmurlar? O proqramlara niyə qadağalar tətbiq olunmur, cərimələnmirlər ?!
Bu biabırçılıq 21-ci əsrdə nə qədər daha davam edəcək ?!".
Tibb üzrə fəlsəfə doktoru, burun, boğaz, qulaq həkimi Səid Allahverdiyev:
"Sənan doktoru hamı tanıyır, necə professional və təcrübəli bir həkim olduğunu hamı bilir. Hər həkimin xəstəsi ağırlaşa və ya ölə bilər, heç bir həkim bunu istəməz, heç kim hadisədən sığortalanmayıb. Minlərlə uğurlu əməliyyat edən insanı ekspertiza rəyi çıxmadan həbs etmək doğru deyil. Araşdırma bitənə qədər iş fəaliyyətindən kənarlaşdırmaq məncə daha ədalətli cəza olardı. Həkimləri sıxan, əzən, aşağılayanlar çoxdur, müdafiə edən qurum isə təəssüf ki yoxdur...".
Uşaq cərrahı Allahverdi Musayev:
"Doktorun səhvi sübut olunmadan cinayətə cəlb olunması hüquqi aspektdən doğru deyil. Bunu sudekspertiza sübut edə bilər. Xəstə evə getdikdən sonra ölübsə kim nə bilir kim öldürüb?
Sudekspertiza qərar vermədən həkim cəzalana bilməz. Səhvi olsa belə səhiyyəsi inkişaf etmiş dövlətlərdə səhlənkarlıq kimi qiymətləndirilir, təzminat və ya xəstəxanadan uzaqlaşdırma verilir, iş fəaliyətini müəyyən müddət dsyandırıla bilər. Bu qədər saxtakarlıqla məşğul olan diplomsuz həkimciklərin birini də tutmadılar,. Sənan həkimi mən bir dəfə görmüşəm. Çox mədəni, əxlaqlı, işini sevən insandır. Niyə həkimin hüquqlarını qorumurlar? Bir həkim 12 ildən tez yetişmir. Həkimlərin sabahının sığortası niyə yoxdur?! Bəs bunun hesabatını kim verəcək?! Cənab prezident səhiyyə sistemini silkələməlidir ki, bu sahə düzəlsin, yoxsa İranda diş həkimi olan burda ginekoloq işləyə bilir və ya diplomsuz insanlar nə istəyir özəldə edə bilir,. Kifayət qədər savadlı həkimlərimiz xaricə axırsa bunun günahı kimdir, kim bizim insanlarımızın sağlamlığını qoruyacaq, 5-10 il sonra əzizlərimizi kimə göstərəcəyik?! Düşünməliyik...".
Hazırda İsraildə çalışan həkim Əhməd Namazov:
"Həm lazımi qurumlar araşdırmalıdır, həm də fəsadın olduğu müəssisə özünü inkişaf etdirmək üçün özü araşdırmalıdır.
Ancaq həkimi də dinləmək lazımdır.
"Malpractice" sığortası olmalıdır.
Həmin sığortada həkimin hüquqlarını qoruyan vəkil olmalıdır.
Hər fəsadda, hər ölüm hadisəsində içəri bir həkim göndərsək ortalıqda həkim qalmayacaq".
Travmatoloq ortoped Cavid Musazadə:
"Praktik və nəzəri cəhətdən savadlı bir həkimin günahı sübut edilmədən həbs olunması həmin həkimin Araiklə bərabər tutulması deməkdir.
Sənan doktorun həbsi həkimlərdən çox Azərbaycan xalqını düşündürməlidir.
Heç bir həkim Allah deyil! Bəli, ölən gənc xanımdır, anlayırıq. Hər bir həkimin xəstəsi ağırlaşa və ölə bilər.
Amma istintaq getdiyi halda həkimin həbs olunması minlərlə Ağzərbaycan vətandaşının taleyini boş vermək deməkdir.
Əgər mənim həkimi, qoruyan xalqım yoxdursa, onda xalqım da məndən inciməsin...
Bu xalq unutmasın ki, biz həkimlər olmasaydı Vətən Müharibəsindəki şəhidlərin sayı 3000 yox 10000 olardı, onlar da gənclər idi.
Həkim Araik, Əhməd deyil ki, günahı sübut olunmamış həbs olunsun!".
Xatırladaq ki, Sənan Mehdiyev məhkəmə qərarı ilə məhkəmə zalından həbs edilib.
İstintaq davam etdirilir.
Aygün Musayeva
MEDİCİNA.AZ
Maadənıəənanhəkimı yaxından tanıyanlar bu qədər səmimi olaraq,ciddi surətdə onun müdafiəsinə qalxır,demək o ,günahsızdlr.Bəlkə də kimsə torbasını tikib pasientə zərər vurub ku nəsə edi