Azərbaycanda epilepsiya xəstələri üzərində cərrahiyyə əməliyyatının keçirilməməsinin səbəbi açıqlanıb.
Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalov Medicina.az-a müsahibəsində deyib ki, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələri seçərkən bir çox göstəricilər qiymətləndirilməlidir.
Professor qeyd edib ki, xəstənin həm müayinəsi, həm də əməliyyat xüsusi mürəkkəb proseduralar tələb edir: "Bu müdaxilələr xüsusi ixtisaslaşmış mərkəzlərdə yerinə yetirilməlidir. İnkişaf etmiş ölkələrdə epilepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır”.
Bəs epilepsiyanı qeyri-ənənəvi üsullarla müalicə etmək olarmı?
Ş. Mahalov bildirib ki, əgər epilepsiya əleyhinə preparatlar tutmaları tamamilə dayandırmırsa, cərrahi müdaxiləyə göstəriş yoxdursa və ya kömək etmirsə, xəstə və yaxınları rəsmi tibbi xidmətə inamlarını itirirlər: "Nəticədə mediada rast gəlinən sensasiyalı elanlar onları cəlb edir və qeyri-ənənəvi müalicə üsulları ilə məşğul olan mütəxəssislərə müraciət etməyə vadar edir. Eyni zamanda xəstəyə və onun yaxınlarına "kimyəvi dərmanların sistemli şəkildə qəbulu orqanizmi zəhərləyir və psixi funksiyaların zəifləməsinə gətirib çıxarır” kimi fikirlərə əsaslanaraq epilepsiya əleyhinə dərmanların kəsilməsinin vacibliyi tövsiyə olunur. Epilepsiya əleyhinə dərmanların "möcüzəvi vasitələrlə” (otlar, sehrli tozlar, lazer və elektromaqnit üsullarla müalicə) əvəz olunması xəstənin vəziyyətinin yaxşılaşmasına deyil, hətta vəziyyətin ağırlaşmasına və epileptik statusun inkişafına səbəb ola bilər”.