Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda elmi dərəcənin, vəzifənin olması xaricdə heç bir əhəmiyyət daşımır- Amerikada yaşayan professor - MÜSAHİBƏ

  • 2022.11.22 16:21
  • 23667 Baxış
Azərbaycanda elmi dərəcənin, vəzifənin olması xaricdə heç bir əhəmiyyət daşımır - Amerikada yaşayan professor - MÜSAHİBƏ

Tibb elmləri doktoru, professor, Amerika Kardioloqlar Cəmiyyətinin Fəxri üzvü, ABŞ-ın Puerto-Riko Universitetinin professoru Səbzəli Cavadov 20 ildir ki, Azərbaycandan kənarda, Britaniya və Amerikanın məşhur universitetlərdə eksperimental kardiologiya sahəsində elmi arasdırmalar aparır.


Professor S.Cavadov 1983-cü ildə Moskvada Piroqov adına Rusiya Tibb Universitetini həkim-biokimya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, 1986-cı ildə Rusiya Kardioloji Elmi Mərkəzində namizədlik, 1992-ci ildə Moskva Dövlət Universitetində doktorluq elmi dərəcəsi alıb.

S.Cavadov 1993-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) sədrinin birinci müavini vəzifəsində işləyib. O, paralel olaraq Azərbaycan Tibb Universitetinin professoru kimi bir sıra xarici ölkələrin - Almaniya, Fransa, Macarıstan, Kanada və İngiltərənin tanınmış universitetlərində elmi ezamiyyətdə olub və bu ölkələrin alimləri ilə müştərək elmi işlər aparıb. 1997-2001-ci illərdə ardıcıl olaraq, dörd dəfə Böyük Britaniya Kral Cəmiyyəti ilə beynəlxalq əməkdaşlığa layiq görülüb və bu ölkənin Oksford və Bristol Universitetlərində işləyib.
O, eksperimental kardiologiya, o cümlədən, ürək infarktinin molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsi sahəsində tanınmış alimdir.


S.Cavadov 100-dən çox elmi məqalə və kitabların müəllifi, bir sıra beynəlxalq elmi cəmiyyətlərin, eləcə də Amerika Kardioloqlar Cəmiyyətinin, Amerika Milli Sağlamlıq İnstitutu, eləcə də İngiltərə, Belçika, Çex Respublikası ve Xorvatiyanın elmi qrant komitələrinin üzvüdür.

Professor hazırda həm ABŞ, həm də Böyük Britaniya, Kanada və Avstriya alimləri ilə müştərək elmi tədqiqatlarını davam etdirir.

Ötən ay növbəti məzuniyyətini yenə də doğma Azərbaycanda keçirən professor S.Cavadov Azərbaycan Tibb Universitetinin, Xəzər Universiteti və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları ilə görüşlər keçirib.
Fürsətdən istifadə edib, görkəmli alimlə görüşüb müsahibə aldıq.


Professor Bakupost.az -ın Amerikada elmi işlə məşğul olmağın üstünlükləri, ordan Azərbaycan elminin necə görünməsi və digər mövzularla bağlı suallarına cavab verib.




"Medicina" həmin müsahibəni təqdim edir.



Bir neçə elmi məqalə yazıb, bir neçə yerli dərgidə çap etdirməklə
elmə inteqrasiya etmək mümkün deyil.



- Səbzəli müəllim, elmi tədqiqat institutlarının gənc əməkdaşları ilə görüşdə siz onlara ölkəmizdə və xaricdə tanınmaq üçün yolları açıqladız. Bu gün Amerikadan Azərbaycan elmi necə görünür?


- Mən hər səfərimdə belə görüşlər keçirirəm. Əgər gənclərimizə xeyrim dəyərsə, bu, mənim üçün böyük şərəf olar. Biz unutmamalıyıq ki, Azərbaycanın heç birimizə borcu yoxdur, lakin bütün azərbaycanlıların Azərbaycana, vətənə borcu var. Bu yolda bütün azərbaycanlılar, xüsusən xaricdə yaşayan azərbaycanlılar hansısa formada əlindən gələni etməlidir.
Biz indi müharibədən çıxan ölkəyik, o qədər geniş imkanlarımız yoxdur. Buna baxmayaraq elmimizi, inkişaf etdirməli, artıq kəmiyyətdən keyfiyyətə keçməliyik. Elmi dərəcəlilərimiz çoxdur, akademiklərimiz çoxdur. Amma sanballı beynəlxalq elmi jurnallarda cap olunan elmi əsərlərimiz azdır.


Xaricdə yaşayan istər əcnəbi, istər azərbaycanlı elm adamlarını bura dəvət edib, buradakı gənc alimləri dunyanın tanınmış elm ocaqlarına və universitetlərinə göndərmək, müştərək elmi laboratoriyalar teşkil etmək və elmi iş mübadiləsi etmək lazımdır. Elmi tədqiqat instutlarında internet şəbəkələrinin yaradılması, qrant sisteminin inkişafı, xaricdən beynəlxalq qrantların cəlb olunması təşkil olunmalıdır.

Bir neçə elmi məqalə yazıb, bir neçə yerli dərgidə çap etdirməklə elmə inteqrasiya etmək mümkün deyil.

Butun sahələr uzrə, o cümlədən tibb sahəsində yüksək rəqabətli elmi layihələr yazmaq lazımdır. Bu yolla Azərbaycan təbabətini və digər sahələri dünya elminə inteqrasiya etmək olar.

İndiki səraitdə müharibə ilə əlaqədar maliyyə problemlerimizi nəzərə alaraq, ilk növbədə yaxşı olardı ki, Azərbaycanın milli və dövlət mənafeyinə uyğun elmi istiqamətlər inkişaf etdirilsin. Məsələn, tibb sahəsində yüksək neft və qaz istehsalının, digər faktorların mənfi təsiri ilə əlaqədar tibbi ekologiyanın inkişafına çox böyük ehtiyac var. Bundan əlavə, yerli dərman bitkilərinin araşdırılması, palçıq vulkanlarının təhlili, Azərbaycanda yayılan genetik xəstəliklərin endemik zonalar uzrə öyrənilməsi, ürək-damar, onkoloji ve neyrodegenerativ xəstəliklərin epidemiologiyası prioritet istiqamətlər olmalıdır. Son pandemiya ilə əlaqədar dünyada və Azərbaycanda rastlaşdığımız problemlər bizə dərs olmalıdır. İnfeksion xəstəliklərin respublika ərazisində zonalar uzrə yayılması və insanların infeksiyalara zonalar üzrə həssaslığının öyrənilməsi vacibdir ki, gələcək epidemiya və pandemiyalara hazır olaq.

- Sizin 2003-cü ildə Azərbaycandan Amerikaya getməyinizə təkan verən səbəb nə oldu? Necə oldu ki, orda uğur qazana bildiniz?

- Mənim xariclə həmişə əlaqələrim olub. Bu əlaqələr mən hələ Moskvada Ümumittifaq Kardiologiya Mərkəzdə aspiranturada olduğum vaxt başlayıb. Xaricə elm adamı kimi ilk səfərim 1987-ci ildə Almaniya Magreburq Tibb Akademiyasına olub. Ondan sonra Macarıstanda getdim. Daha sonra ilk dəfə 1995-ci ildə Böyük Britaniya Kral Elmi Cəmiyyətinin beynəlxalq qrant layihəsini qazandım. Hər il bu layihələrlə bağlı İngiltərəyə gedib, 3-4 ay elmi araşdırmalar aparırdım. Elmi ezamiyyətlər mənə xaricdə elmi əlaqələrimi qurmağa, beynəlxalq elmi muhitə daxil olmağa imkan verdi. Mən 10 il Azərbaycanda elmi adlar və dərəcələrin verilməsinə cavabdeh olan dövlət qurumunda rəhbər vəzifədə çalışmışam. Həmin vəzifədən çıxandan sonra qərara gəldim ki, digər vəzifədə yox, elə elm sahəsində çalışım.
Burda bir sıra adamlar fikirləşir ki, əgər elmi ad və ya elmi dərəcən varsa, xaricə gedən kimi qapılar açılır, vəzifə verilir, burada professordusa, orda da professor kimi qəbul edilir. Lakin bu heç də belə deyil.

Orada sənin titulun çap olunmuş elmi məqalələrinin sayına, dəyərinə və harada çap olunmasına görə verilir. Sən sahən üzrə necə ekspertsən, nələrə qadirsən? Mən orda əvvəl qrantdan asılı bir elmi isçi vəzifəsində çalşmağa başladım. Bu isə o deməkdir ki, bu gün qrant varsa, universitetdə işləyə bilərsən, yoxdursa, vəzifəni, işini itirirsən. Kanadada 5 il işlədim və 20-dən çox elmi məqalə çap etdim, böyük qrantlarda iştirak etdim.

Və qərara gəldim ki, elmin beşiyi ABŞ-a köçüm. ABŞ universitetlerində professor vəzifəsini tutmaq üçün böyük müsabiqə var. Universitetlərdə bir professor yeri açılanda dünyanın hər yerindən namizədlər ərizələrini verir, bir yerə bəzən 100-dən çox namizəd olur. Təsəvvür edin, necə rəqabətdir. Hətta ABŞ universitetlerində doktorluq müdafiə edənlərin çox cüzi faizi (5%) bitirdiyi fakultə üzrə iş tapa bilir.


Sonra məni müsahibəyə dəvət etdilər, mən orada böyük məruzə ilə çıxış etdim, öz tədqiqatlarımı göstərdim. Sonra seçilmiş namizədlərin arasında bir nəfəri seçmək üçün yenidən müsabiqə keçirildi. Ondan sonra mən qəbul olundum. O universitetin dəvətini qəbul etməzdən əvvəl öz şərtlərimizi qoydum – buraya həm elmi laboratoriyanın təşkili, həm də tələbələrə ayrılan vaxt və s. aiddir. Universitetler yeni qəbul olmuş professorlara elmi laboratoriyanın təşkili üçün ilkin maliyyə ayırır (buna “start-up funds” deyilir).

Amerikada professor anlayışı bizdəki kimi deyil. Bizdə elmi ad (dosent, professor) bir dəfə verilir, hara getdin, o elmi ad səninlədir. Orada isə professor titul yox, vəzifədir, yəni sən konket olaraq bir unversitetin (kafedranın) professoru vəzifəsini daşıyırsan və buna görə diplom, sənəd verilmir. Bizdə elmi adların – dosent, professor, akademik ömürlük verilməsi də düzgün deyil.


ABŞ universitetlerində kafedranın daimi professoru seçilmək üçün də rəqabət var. Vəzifəyə qəbul olunan professor onu müvəqqəti tutur və ona 5 il vaxt verilir ki, qrant ala bilsin, məqalələr yazsın, yüksək tədris aktivliyi göstərsin. Əgər sən kafedranin daimi professoru (buna "tenured professor" deyilir) olursansa, bu vəzifə artıq ömürlük olur, lakin sənin elmi və pedaqoji aktivliyin yenə də universitetin muvafiq komissiyaları tərəfindən mütəmadi yoxlanılır.



- Qrantları hansı elmi mövzu və araşdırmalarınız üzrə almısız?

- Hazirda elmi tədqiqatlarım ABŞ-ın Milli Sağlamlıq İnstitutları, Milli Elm Fondu, yerli elm və texnologiya fondu tərəfindən verilmiş 3 qrant vasitəsilə maliyyələşdirilir. Laboratiyamda iki elmlər doktoru, iki doktorant, bir neçə bakalavr-tələbə və laborant çalışır. Bunda əlavə, tibb fakultesində iki tədris kursuna rəhbərlik edir və mühazirələr oxuyuram.

Elmi araşdırmalarım ürək hüceyrələrinin mitoxondrilərinin öyrənilməsidir. Belə bir nəzəriyyə var ki, məhz mitoxondrilərin disfunksiyası reaktiv oksigen cisimciklərinin çoxalmasına, onların toksiki təsiri isə hüceyrənin ölümünə səbəb olur. Elmi tədqiqatımız mitoxondrilərin ürək xəstəlikləri zamanı hüceyrə ölümündə rolunu öyrənmək və mitoxondrilərə təsir edərək, miokardn infarktının qarşısını almaqdır.

ABŞ-ın elm fondlarından qrant almaq cətindir. Bəzən 15-20 lahiyədən yalnız birinə qrant almağa müvəffəq olursan.



Bəlkə də bizdə elmi dərəcə, titula görə imtiyazlar, qonorarlar, təqaüdlər götürülsə,

o vəsait elmlə məşğul olan gənclərə ayrılsa, elmdə canlanma yaranar.


- Bu sanki qrant mübarizəsinə bənzəyir. Bir az alimləri küsdürmür ki?

- Bəli, bu əsl rəqabətdir, qrant almaq uğrunda mübarizədir. Müəyyən çətinliklər olmasına baxmayaraq, başqa çarə yoxdur. Elm üçün pul vəsaiti vacibdir, onu isə elmi layihələrə ayrılmış qrant vasitəsilə almaq olur. Bu, böyük bir mübarizə olsa da, onun şəffaflığına, ədalətli olmasına şübhə yoxdur.

ABS-in federal elm fondları dövlət büdcəsindən maliyyələşdirilir. İki böyük fond Milli Sağlamlıq İnstitutu və Milli Elm Fondudur. Amerika Konqresi 2022-ci il üçün birincisinə 45, ikinciyə 10,3 milyard dollar ayırıb. Bundan başqa özəl, müstəqil təşkilatların, muxtəlif nazirlik və digər qurumların özlərinə məxsus layihələri, elmə dəstək qrantları var. Ümumilikdə, ABS-da elmə ildə100 milyard dollardan artıq maddi vəsait ayrılır.

ABŞ-ı təbii ki, bizimlə müqayisə etmək olmaz. Ora artıq elmi araşdırmaların mərkəzidir. Orda ümumi daxili məhsulun 3%-dən çoxu elmə ayrılır, digər inkişaf etmiş ölkələrdə bu, 2%-dən çoxdur. Təbii ki, biz müharibə aparan və hələ inkişaf etməkdə olan dövlət olduğumuz üçün bu qədər ayıra bilmirik. Amma az faizlə də olsa, illik müəyyən qədər vəsait ayrıla bilər.

Elm elə bir sahədir ki, burda cəm, say rol oynamır. Elmin inkişafı minlərlə professorun, elmlər namizədinin sayı ilə ölçülmür. Bir neçə min elmlər namizədləri və doktorların, yüzlərlə akademikin olması o demək deyil ki, elm inkişaf edir. Bizdə ağıllı, savadlı gənclər çoxdur, onları irəli çəkmək, elmə həvəsləndirmək lazımdır. Mən istərdim ki, elmlə sırf elmi sevən, elmə həvəsi olan insanlar məşğul olsun. Bəlkə də bizdə elmi dərəcə, titula görə imtiyazlar, qonorarlar, təqaüdlər götürülsə, o vəsait elmlə məşğul olan gənclərə ayrılsa, elmdə canlanma yaranar.

Elmin təşkili, kəmiyyətdən keyfiyyətə keçmə prosesi həmişə ağrılı prosesdir. Elmlər Akademiyası ilə bağlı Prezidentin son qərarlarını dəstəkləyirəm. Elmlər Akademiyasının coxdan əsaslı islahatlara ehtiyacı var. Əminliklə deyirəm ki, Akademiyanın nəzdindəki institutların sayının xeyli azaldılması heç də respublikada elmin inkişafına xələl gətirməz.


- Qrantların yüksək məbləği də şirnikləndiricidir. Çoxları elə düşünür ki, alim olsam, bu pulla zəngin olaram. Amerikada alimlər milyonçular kateqoriyasına daxildirmi? Necə həyat sürürlər?

- Birincisi, mənim ixtiyarım yoxdur ki, ayrılan qrantı şəxsi məqsədlərim üçün istifadə edim. Qrant institutun büdcəsinə daxil olur. Orda qrantı qazanmış professorun aylıq maaşına qanunda nəzərdə tutulmuş miqdarda əlavə vəsait ayrılır. Elmi araşdırmalara xərclənən vəsait professor tərəfindən həyata keçirilsə də, universitet ciddi nəzarət edir. Burda tam şəffaflıqdır və hər hansı kiçik səhv etməklə sən alim adını ömürlük ləkəyə bilərsən.

Ümumiyyətlə, ABŞ-da professorların illik maaşı 100-200 min dollar arasıdır və həyat şəraiti baxımından hec də pis dolanmırlar. Amma həqiqi alimlərin marağı elmədir, onlarin böyük dəbdəbəyə ehtiyacları yoxdur. Belə alimlər keçmiş SSRİ vaxtı bizdə də olub. Elm onlar üçün hər şeydən yüksəkdir.

- Bəs getməyib, burada qalsaydız, nə olacaqdı, harda olacaqdız?

- Burada elmi baxımdan böyük bir proqress edən deyildim. Gedəndə xaricdə şap olunmuş 12 elmi məqaləm var idi, indi 90 elmi məqaləm, 15 kitab və kitab bölmələrinin müəllifiyəm. Buradan gedəndə beynəlxalq səviyyədə geniş istifadə olunan H-indeksim 7 idi, indi isə 45-dir.

Cəmiyyətdə hər bir şeyin, inkişafın kökündə elm durur. Elm hər sahəyə işıq verən mayakdır. Nahaq deməyiblər, alim öldü, aləm öldü. Mümkün deyil ki, o inkişaf etməsin. Elmə maraq, sevgi orta məktəbdən başlamalıdır. Hətta uşaq bağçasından. Bizim millətdə patriotizm, vətənə sevgi çox güclü inkişaf edib. Məhz vətənpərvərliyin bir qolu da elmin və təhsilin inkişafıdır. Elm və təhsil bir-birindən ayrı ola bilməz. Elm və təhsil mədəniyyətin bünövrəsidir. Söhbət mənəvi saflıq və ucalıqdan gedir. Elmli adam bir çıraqdır. O həmişə yüksək dəyərləndirilir.




- Professor, bir neçə ildir üzərində çalışdığınız hüceyrə ölümü, mitoxondrilərin rolu mövzusu üzərində nələri kəşf edə bilirsiz?

- Mitoxondrilərin hüceyrə ölümündə rolu çox böyükdür. Ümumiyyətlə, elmdə 10-dan cox tənzim olunan ölüm mexanizmi mövcuddur. Ürək xəstəliklərində intensiv tədqiq olunan əsas ölum mexanizmləri apoptoz, nekroptoz, paraptoz, autofaqiya və ferroptozdur. Ferroptoz 2012-ci ildən elmə bəlli olub. Onun dəmir ionlarından asılı hüceyrə ölümündə rolu çox böyükdür. Dəmir ionları hüceyrədə yığıldıqda Fenton reaksiyaları nəticəsində reaktiv oksigen cisimciklərin miqdarını artırır, fosfolipidlərin oksidləşməsini sürətləndirir və hüceyrənin ölümünə səbəb olur.

Nəyə görə ölüm mexanizmlərini öyrənmək bu gün bu qədər vacibdir? Çünki ölüm mexanizmlərini bilirsənsə, hüceyrəni həm öldürə, həm də sağalda bilərsən. Bilirsiz ki, onkologiyada xəstəni xilas etmək üçün şiş hüceyrələrini öldürmək lazımdır. Bu da çətindir. Onları elə məhv etmək lazımdır ki, metastaz olmasın, bir daha yaranmasın. Bu gün dünya tibb elmi bunun yolunu axtarır.

Qeyri-şiş xəstəliklərində, məsələn, urəyin infarktinda əksinə hüceyrəni müdafiə edib, ölməsinin qarşısını almaq lazımdır. Ürək və beyin hüceyrələri post-mitotik hüceyrələr sayılır, yəni sayı artmır, anadan olduqdan bəri nə qədər sayda varsa, ömür boyu o qədər sayda da qalırlar. Ona görə mütləq urəyin infarkti nə digər qeyri-onkoloji xestəliklər zamani hüceyrələrin ölümünün qarşısını almağın yollarını öyrənməliyik.

Mənim laboratoriyamda indi mitoxondrilərin qorunmasına yönəlmiş kardioprotektorlar tədqiq edilir. Hüceyrəyə daxil olub reaktiv oksigen cisimciklərinin qarşısını almağın yolları araşdırılır. Elə bir dərman molekulu əldə etmək istəyirik ki, hüceyrəyə daxil olduqdan sonra mitoxondrilərə keçsin. Bu tədqiqatlar Pitsburq Unversiteti ilə birgə əməkdaşlıqla aparılır.

Urəyin infarktı vaxtı yalnız bir ölüm növü olmur. Məsələn, endokardın hüceyrə ölümü çox, miokardda az, perikardda daha az ola bilər vı infarktdan sonra (reperfusiya) keçən vaxtın uzunluğundan asılı olaraq, muxtəlif ölüm növlərinin təsiri muxtəlif ola bilər. Hüceyrələrin bir hissəsi apaptozdan, digər hissəsi nekroptozdan, paraptozdan və digər mexanizm yolu ilə ölə bilər.

Son 40-50 ildə ürəyə təsir edən güclü kardioprotektor icad edilməyib. Elm o yerə gəlib çatıb ki, nəsə təzə bir şey kəşf edib, hüceyrədaxili targetlər axtarmalı, yönəldilmiş (istiqametlendirilmiş) spesifik terapiya lazımdır.


Hüceyrəyə mütləq güclü aktivlik, rasional və düzgün qidalanma lazımdır.

Eləcə də hüceyrələri stressdən qorumaq lazımdır. Spirtli içki və siqaret yasaqdır.

- Bəs ürək hüceyrələrini, mitoxondriləri qorumaq üçün nə edə bilərik? Siz məsələn, hüceyrələrin nə istədiyini bilirsiz. Alimlər özlərini necə qoruyur?

- Amerikanın bizdən bəlkə də fərqi odur ki, insanlar profilaktikaya böyük önəm verir, yəni insan özü öz sağlamlığına nəzarət etməlidir. Ən böyük dərman fiziki aktivlikdir. Fiziki aktiv olmaq, gündə ən azı 10 min addım piyada gəzmək lazımdır.

Hüceyrəyə mütləq güclü aktivlik, rasional və düzgün qidalanma lazımdır. Eləcə də hüceyrələri stressdən qorumaq lazımdır. Spirtli içki və siqaret yasaqdır. Heç olmasa, gecə yuxudan 2-3 saat əvvəl telefona baxmağı dayandırmalısız. Elektronika ilə işləmək beyinə çox böyük mənfi təsir edir. Ən yaxşı vasitə ətrafda saglam psixoloji muhit yaratmaqdır. Bu, həm ailəyə, həm işlədiyiniz kollektivə və əhatə olunduğumuz ümumi sosial mühitə aiddir. Bu bizim cəmiyyətimizin ən böyük problemlərindən biridir.

- Azərbaycandan getməyinizə peşman deyilsiz ki?

- Xeyr, peşman deyiləm. Çünki ABS-da yaşayıb, işləyərək Azərbaycana bir elm adamı kimi az da olsa, borcumu ödəyirəm. Yaşa dolduqca, bunun fərqini daha cox anlayırsan. Burda qalıb hardasa, müəssisə rəhbəri vı ya digər rəhbər vəzifə tutsaydım, bir azərbaycanlı elm adamı kimi dünyanın nüfuzlu elm ocaqlarında tanına bilməzdim. Orada olmağım yenə mənim azərbaycançılığıma dəlalət edir. Mən elmi əsərlər, mülahizələr, çıxışlarımla Azərbaycanı təmsil edirəm. Həyatda iki varlıqda seçim ola bilməz – Ana və Vətən. Biz ikisinə də borcluyuq.

AYGÜN MUSAYEVA