Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu.
Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.
Türkiyəyə "CoronaVac" vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb. Azərbaycana yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb.
"CoronaVac" necə işləyir?
GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.
Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.
"Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.
Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.
Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.
Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.
Əsas üstünlüyü nədir?
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"-nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur.
Bu, o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.
Nə qədər təsirlidir?
Alimlər bu suala cavab verməkdə çətinlik çəkirlər. "The Lancet" elmi jurnalı yazır ki, hazırda CoronaVac peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Məqalənin müəlliflərindən biri olan Zhu Fengcai deyir ki, birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".
Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz olub.
Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş.
Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.
Vaksinin əks təsirləri üzə çıxıbmı?
"Sinovac" vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib.
Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb.
"The Lancet" elmi jurnalında deyilir ki, müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".
Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb. TƏBİB bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə hamilələrə peyvənd vurdurmamağı tövsiyə edib.
Hansı ölkələr hansı vaksini alıb?
Sinovac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb.
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib.
Sinqapur isə Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.
Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib.
Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.
Azərbaycanda peyvəndlənmə
Azərbaycan peyvəndlənmə ilə bağlı strategiyanın hazırlanacağını elan etsə də, onun nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.
Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın il sonunda keçirilən brifinqində deyib ki, ""Sinovac Biotech" şirkətinin CoronaVac vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir".
O söyləyib ki, Azərbaycan əhalisi uzun müddət inaktiv üsulla hazırlanan vaksinlərlə peyvəndlənib, ona görə də bu üsula "daha çox güvənilir".
TƏBİB rəsmisi Azərbaycanda birinci mərhələdə "əhalinin 10 faizinə peyvənd vurulacağını", ikinci mərhələdə isə peyvəndlənmənin "respublikanın daha çox hissəsini əhatə edəcəyini" bildirib.
Azərbaycanda koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.
Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.
Ramin Bayramlı Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı "elektron sistemin olacağını", ehtiyac halında xaricə səfər edənlərə "Covid-19 pasportu" veriləcəyini də açıqlayıb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. İndiyədək ölkədə 226 minə yaxın şəxs Covid-19 virusuna yoluxub, 3 minə yaxın şəxs ölüb. /bbc.azerbaycan/