Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir.
Medicina.az Trend-ə istinadən xəbər verir ki,bu barədə 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarında qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatının normaları əsasında aparılmış tədqiqatın nəticələrinə görə, yaşı 15-dən çox olan insanların 43,7 faizinin bədən çəkisi normal, 1 faizinin çəkisi normadan azdır.
Həddindən artıq piylənmənin müşahidə edildiyi insanların əksəriyyəti yaşı 45-dən çox olan şəxslərdir.
Ölkədə 15-19 yaşlı əhalinin 0,2 faizinin, 20-44 yaşlı əhalinin 3,9 faizində, 45-64 yaşlı əhalinin 13,4 faizində, yaşı 65-dən çox olanların 14,1 faizində həddindən artıq piylənmə var.
Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı daha çoxdur. Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 7, qadın əhalisinin 9,1 faizində həddindən artıq piylənmə müşahidə edilir.
Ümumilikdə, Azərbaycanın yaşı 15-dən çox olan əhalisinin 47,2 faizinin bədəni piylənmə ərəfəsindədir. 15-19 yaşlı əhalinin 5,9 faizinin, 20-44 yaşlı əhalinin 41,6 faizinin, 45-64 yaşlı əhalinin 60,7 faizinin, yaşı 65-dən çox olanların 56,1 faizinin bədən çəkisi piylənmə ərəfəsinə gəlib çatıb.
Azərbaycanda bədən çəkisində piylənmənin müşahidə edildiyi kişilərin sayı qadınlara nisbətən az olsa da, piylənmə ərəfəsində olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur və bu say çoxluğu bütün yaş qruplarında özünü göstərir.
Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 51,4 faizi, qadınların 43,3 faizi piylənmə ərəfəsindədir.
Bədən çəkisi artıq olanların sayına gəldikdə, ölkədəki 15 yaşdan yuxarı kişilərin 3,3 faizinin, qadınların isə 4,7 faizinin bədən çəkisi çoxdur.
Ölkədə artıq bədən çəkili 15-19 yaşlı kişi və qadınların faiz göstəricisi eyni (0,1 faiz) olsa da, sonrakı yaş qruplarında bu göstərici dəyişib.
Bədən çəkisi çox olan 20-44 yaşlı kişilərin sayının qadınların sayından daha çox olmasına baxmayaraq, 45 yaşdan sonra çəkisi artıq olan qadınların sayı kişilərin sayını üstələyib. Belə ki, 20-44 yaşlı qadınların 1,7 faizinin, kişilərin 2,2 faizinin artıq çəkisi var. 45-64 yaşda olan qadınların 8,3 faizinin, kişilərin 5,1 faizinin, 65 yaşdan yuxarı qadınların 9,6 faizinin, kişilərin 4,5 faizinin artıq çəkisi var.
Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 sm, orta çəkisi 68,9 kq-dır.
Artıq bədən çəkili 45-64 yaşlı insanların orta boyu 168,2 sm, orta çəkisi 73 kq-dır. Yaşı 65-dən şox olanların orta boyu 166,5 sm, orta çəkisi 71,1 kq-dır.
Həkim-dietoloq Nərgiz Nəzirova bildirib ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb:
"Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir. Piylənmənin yaranmasına stress də təsir edir. Elə orqanizm var ki, stress keçirdikdən sonra arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən indiyədək piylənmə müşahidə edilən dünya əhalisinin sayı 3 dəfəyə qədər artıb.
ABŞ-ın Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, yüksək gəlirə və ali təhsilə malik olan qadınlar aşağı gəlirli qadınlara nisbətən piylənmədən daha az əziyyət çəkirlər.