"Azərbaycanda H1N1 virusuna ("donuz qripi”) yoluxan yoxdur”.
Bunu Medicina.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyev bildirib.
K. Əfəndiyev deyib ki, Səhiyyə Nazirliyi tərəfindən H1N1 virusuna yoluxmanın qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir, aeroportda, vağzallarda termovizor qurğuları quraşdırılıb: "Sərhəd-keçid məntəqələrində il boyu sanitar-karantin müfəttişliyinin həkimləri var. Belə hallarda isə nəzarət daha da gücləndirilir. Xəstəliyin qarşısının alınması üçün bütün tədbirlər görülür”.
Şöbə müdiri "donuz qripi”nin heç də başqa qriplərdən fərqlənmədiyini vurğulayıb: "İnsandan insana keçən B qrupundakı adi qriplər necədirsə, bu qripin gedişi də elədir. Aeroportda, vağzallarda termovizor qurğuları quraşdırılıb, temperaturu olan xəstələr oradan keçəndə həmin insanın temperaturu orada əks olunur və temperaturu yüksəkdirsə, həmin şəxs mütləq həkim nəzarətinə götürüləcək. Bu qrip hava-damcı yolu ilə keçir. Qorunmaq üçün ən yaxşı vasitə apteklərdə satılan tibbi maskalardan istifadə etmək, gigiyenik qaydalara riayət etmək lazımdır”.
K. Əfəndiyev bu il ərzində Respublika Taun Əleyhinə Stansiyasında qrip virusuna qarşı 842 müayinə aparıldığını nəzərə çatdırıb: "75 insandan insana keçən qrip aşkarlanıb. Bunlar adi, insandan insana keçən qripdir, H1N1 virusuna yoluxma halı deyil”.
Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan ("donuz qripi”) ölənlərin sayı ikiyə çatıb. İlk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb. Hər iki şəxs yüksək risk qrupunda olub və onların həyatlarını xilas etmək mümkün olmayıb. Gürcüstanın səhiyyə naziri David Sergeenko qrip virusu ilə bağlı vəziyyətin epidemiya səviyyəsinin yarısına çatdığını, vəziyyət epidemiya səviyyəsinə çatmayacağına ümid etdiklərini bildirib.
Çingiz
BakuPost