Səhiyyə Nazirliyi Bərdə Doğum Evində baş verən körpə ölümlərinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ONA-ya bildirib ki, adı çəkilən doğum evi ikinci dərəcəli olduğuna görə oraya yalnız Bərdədən deyil, ətraf rayonların, o cümlədən Tərtər və Ağcabədinin sakinləri də daxil olur.
Körpələrin tələf olması faktına gəlincə, nazirlik rəsmisi deyib ki, onlar xəstəxanaya ana bətnində ölü daxil olublar və ölü döllər mütəxəssislər tərəfindən xaric edilib.
Bütün faktlarla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası yerli hüquq-mühafizə orqanları birgə araşdırma aparır.
S.Əhmədova onu da bildirib ki, məsələ ilə bağlı valideynlərdən hər hansı şikayət daxil olmayıb.
* * *
Bərdədə doğuş zamanı körpə ölüb.
Medicina.az xəbər verir ki, Bərdə rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağının rayon Doğum Evində ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.