Aprel və may aylarında qida zəhərlənmələri ilə əlaqədar müraciətlər artır. Müraciət edənlərin əksəriyyəti qarpız və çiyələkdən zəhərlənənlərdir.
Mütəxəssislərin dediyinə görə, zəhərlənmələr həmin meyvələrin yetişdirilməsi zamanı güclü kimyəvi maddələrdən, pestisidlərdən nitrat tərkibli gübrələrdən çox istifadə edildiyi üçün baş verir. Vaxtında xəstəxanaya müraciət edilməyəndə zəhərlənmə ölümlə nəticələnə bilər.
Medicina.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun verdiyi məlumata görə, aprel-may aylarında qida zəhərlənməsi ilə əlaqədar 30-dan çox müraciət olub:
“Onların əsas hissəsi qarpız və çiyələkdən zəhərlənmə ilə əlaqədardır. Lakin çiyələkdən zəhərlənmə halları çoxluq təşkil edir. Çiyələyin tərkibində nitratların çoxluğu qida zəhərlənməsinə səbəb olur. Ürəkbulanma, qusma, ishal və bədən hərarətinin yüksəlməsi ilə müşahidə olunur”.
Toksikoloq onu da qeyd edib ki, şəxsi qida infeksiyası aşkar olunanda mütləq həkim nəzarəti altında klinikada müayinələrdən keçməli, qida infeksiyasına qarşı zərdablar vurulmalıdır ki, uzun müddətli fəsadlar yaranmasın. Həmçinin ilk növbədə mədə-bağırsağın yuyulması üçün çoxlu miqdarda sodalı su içmək, bağırsağın təmizlənməsi üçün hər 10 kiloqram bədən çəkisinə bir tablet olmaqla kömür dərman vasitəsini əzib onu 1 stəkan suya qatıb içmək lazımdır. Ancaq zəhərlənmə artıq inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki ağırlaşmalar daha da kəskinləşə bilər./azertac.az/