"Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olanlardan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər".
Medicina.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib. Onun sözlərinə görə, cırtdanboyluluq nanizm, subnanizm və tender sindromuna görə ayrılır.
"Nanizmlə bağlı Azərbaycanda hazırda 135 kişi, 154 qadın qeydiyyatdadır. Onlardan 61 nəfəri 0-13 yaş, 41 nəfəri 14-27 yaş, 64 nəfəri 18-29 yaş, 63 nəfəri 30-40 yaş, 18 nəfəri 40-50 yaş aralığında, 12 nəfəri isə 51 yaşdan yuxarıdır. Subnanizmlə (cırtdanboyluluq) bağlı respublika üzrə 147 kişi, 124 qadın qeydiyyatdadır. Lakin bu real rəqəmlər deyil. Dövlət proqramı olmadığı və dərmanlar bahalı olduğu üçün insanların əksəriyyəti qeydiyyata düşmür. Ümumilikdə respublikada cırtdanboyluluq üzrə rəqəmin qeydiyyatda olanlardan 2 dəfə çox olduğu proqnoz edilir. Subaninizm bu xəstəliyin yüngül formasıdır. Lakin ikisində də vaxtında müraciət edildikdə müalicə ilə boyu artırmaq və yüksək nəticəyə nail olmaq mümkün olur”.
S.Xəlilova qeyd edib ki, bu xəstəliyin müalicəsində müəyyən yaş həddi mövcuddur: "Bizə müraciət edən xəstələrin ilk növbədə sümükləşmə zonalarını rentgendən keçiririk, əgər sümük zonaları açıqdırsa, növbəti mərhələdə qalxanvari vəzin hormonal statusu nəzərdən keçirilir. Daha sonra isə test keçirilərək hormonun maksimal ifrazının nə qədər olduğu öyrənilir, bundan sonra xəstəyə müalicə təyin olunur. Sümük zonaları bağlı olsa, heç bir müalicə nəticə verməyəcək. 14-15 yaşdan sonra müalicənin effekti itir. Bizə əsasən müraciət edənlər 10-11 və 13-14 yaşına qədər uşaqlardır. Valideynlər uşaqlarını gecikdirir. Uşaqların boy artımında problemlərin olması ilkin mərhələdə polklinikalarda müəyyən edilir və valideynlərə xəbardarlıq edilir. Lakin buna o dərəcədə də riayyət edilmir”.
Endekrinoloq regionlarda vəziyyətin daha acınacaqlı olduğunu qeyd edib. "Statistika olmasa da, şəxsi müşahidələrimlə Zaqatala-Balakən və Masallı-Lənkəran zonalarında cırtdanboylu insanların sayının çox olduğunu müşahidə etmişəm. Aran zonasında isə bu problem o qədər də müşahidə edilmir. Nanizm xəstəliyi irsi gəlir, xromosom səviyyəsində olan bir xəstəlikdir. Genetik faktor da bu xəstəlikdə rol oynayır. Böyük insanlarda 46 xromosom olur. Bu xəstəliyi olanlarda isə 45 xromosom olur. Həmçinin nanizmin yaranmasında anadangəlmə qüsurlar, travmalar, vərəm və sifilis kimi xəstəliklər də rol oynayır”.
S.Xəlilova bildirib ki, nanizmin bir qədər yüngül forması olan subnanizmdə sonradan boy artımı olur. Onun sözlərinə görə, subnanizmdə kişilərdə boyun uzunluğu maksimmum 130 sm, qadınlarda isə 120 sm olur.
"Bu xəstəliyin müalicəsi üçün norditropin, somatotropin dərmanları istifadə edilir. Onların qiyməti isə 300 manata yaxındır. Elə insan var ki, müalicəsi üçün bir aya 3-4 dərman, eləsi də var ki, 1-2 dərman bəs edir. Müalicə kifayət qədər effekt verir. Cırtdanboyluluqda normal ailə həyatı qurulub, uşaq dünyaya gətirilir. Lakin uşaqlarda da cırtdanboyluluğun olma ehtimalı 90 faizdir. Dövlət tərəfindən dəfələrlə təkliflər olub ki, müəyyən rəqəmə qədər qeydiyyatda alınsın və onları dərmanlarla pulsuz təmin etsinlər. Lakin xəstələr qerydiyyata düşmürlər və biz də qapı-qapı gəzmədiyimiz üçün konkret rəqəmi verə bilmirik”.
Endikronoloq terner sindoromu üzrə qeydiyyatın aparıldığını və hazırda Mərkəzdə 4 nəfərin qeydiyyatda olduğunu bildirib: "Bu xəstəlikdə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün bu xəstəlik daha çox qızlarla bağlıdır. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır. Belə qızların ailə qurması və uşaq dünyaya gətirməsi mümkün deyil və onların üz-boyun, baş quruluşları fərqli olur”.