27-28 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə Ə.Əliyev adına ADHTİ-də "Beynəlxalq dodaq və damaq yarığı konfransı” keçiriləcək.
Medicina.az xəbər verir ki, dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları 1.000 doğumdan bir, damaq yarıqları isə 2.500 doğumdan bir olaraq qeydə alınır. Bu anomaliyalar dünyanın hər yerində çox sıx rast gəlinən, həm uşaq, həm də ailə üçün ağır bir travma olmaqla uşaqda psixi və fiziki inkişaf problemlərinə gətirib çıxaran bir vəziyyətdir.
Bu patologoyalari aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sirasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılıb və bu istiqamətdə ciddi elmi araşdirmalar aparılır.
Ölkəmizdə də bu patologiyaların müalicəsinin tarixi ənənələri var. Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında aparılan elmi tədqiqatların nəticələri, tətbiq olunan cərrahi əməliyyatlar dodaq və damaq yarıqlarının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Ona görə də belə mötəbər tədbirin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilməsi qanunauyğun bir haldır.
Konfransın proqramı dodaq və damaq yarıqlarının və üz nahiyyəsində yaranan müxtəlif toxuma defektlərinin rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilən elmi araşdirmaların nəticələrini əhatə edir. Eyni zamanda konfrans ölkəmizdə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcək.
Konfransda iştirak etmək üçün http://ddy2018.org ünvanından daxil ola bilərsiz.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyində akkreditasiyadan keçib və iştirakçılara kredit ballarla təmin olunan sertifikatlar veriləcək.